Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bülbül eşqi –gül sevdası

Yenixeberorg.com: Təbiətin yuxudan oyanması, yazın gəlişi hiss edilirdi. Köçəri quşlar qayıdır, torpaq yavaş-yavaş canlanırdı. Təbiət öz yaşıl donunu geyinməyə hazırlaşırdı. Bağbanlarsa bağlarda təmizlik işləri aparırdılar. Sanki sərçələr, qaratoyuqlar da sevinirdi ki, dostları qayıdacaq.
Bəli, ilk qaranquş köçü öz xoş müjdəsini gətirdi. Onlar yuva qurmaq üçün hazırlıq işləri görürdülər. Güllər, çiçəklər tədricən yarpaqlayıb qönçə tuturdu.
Yazın gəlişi gülü də sevindirdi. Çünki sevdiyi bülbül gəlib onun qönçəsinin üstündə cəh-cəh edəcək, qoxusunu ciyərlərinə çəkib yanıqlı-yanıqlı oxuyacaqdı.
Beləliklə, yaz öz xoş qədəmləri ilə insanları sevindirdi.
Gülün qönçələri yavaş-yavaş açılmağa başlamışdı. Bülbül isə hələlik görünmürdü. Gül tərəddüt içində öz-özünə dedi:
— Görəsən, bülbül məndən küsüb?
Beləliklə, bir neçə gün keçdi. Gülün qönçələri açılmış, ətri ətrafa yayılmışdı. Bülbül bu qoxunu duydu, özünü gülə yetirdi və ona sarılaraq sevinc içində cəh-cəh vurmağa başladı. Bu an hər ikisi də xoşbəxt görünürdü.
Gül öz nigarançılığını gizlətmədi:
— Sənin gec gəlməyin məni bikef etmişdi.
Bülbül isə dedi:
— Mən gəlmişdim. Sadəcə, sənin gözəlliyini kənardan seyr edirdim. Amma sənin ətrafında kəpənəklər, arılar və başqa quşlar dolanır.
Gül bülbülün bu sözünə təəccübləndi.
Bağban isə bağçanı sulayarkən onların söhbətini eşitdi və bülbülə dedi:
— Ay bülbül, danışığınızı eşitdim. Sən gülün sevgisinə şübhə ilə baxırsan? Eşit sənə nə deyirəm. Gülün qəlbi səninlədir. Bütün təbiətin quşları, gözəl kəpənəkləri gəlsə belə, de görüm: Yel qayadan nə aparır? Sən o zərif, incə ləçəkli gülünü incitmə.
Bülbül bağbanla ürəyində razılaşsa da, daxilində başqa düşüncələr dolaşırdı.
— Mənim də ətrafımda gözəl çiçəklər gül açır. Onlar həmişə gülə həsədlə baxıblar. Kaş bülbül bizim üçün də belə yanıqlı oxuyaydı...
Bu fikirdən ayrılıb öz-özünə dedi:
— Yox... Mən gülümə xəyanət etmərəm.
Bülbül belə düşüncələr içində olarkən bağçada bütün gül-çiçəklər bir-biri ilə salamlaşıb söhbət edirdilər.
Birdən bənövşə sözə başladı:
— Eh, lalə, nərgiz, siz elə bilirsiniz mənim dərdim yoxdur? Yazın gəlişini ilk olaraq insanlar məndən duyurlar. Mən qarın altından ilk boy göstərirəm. İnsanlar məni görən kimi dərib qoxlayırlar, sevdikləri qızların sinəsinə, ya da tellərinə düzürlər. Bilirəm, məni də sevirlər. Amma gülü, bülbülü sevən qədər sevmirlər. Məgər mənim qoxum gülün ətrindən pisdir? Bülbül yaxın gəlib öz gözəl səsi ilə məni vəsf etmir. Hətta onun gözlərini də kor edən gül olub. Bülbül gülə sarılanda tikanları gözünə batıb onu kor edib. Yenə də bülbül gül üçün yanıqlı-yanıqlı oxuyur, onu görməsə belə...
Lalə və nərgiz bənövşəyə ürək-dirək verərək öz dərdlərini danışmağa başladılar.
Lalə sözə başladı:
— Ay bənövşə, hər kəsin dərdi özünə ağırdır. Yaz gələndə dərələri, düzləri bəzəyirəm. Lakin ətrafımda başqa çiçəklər olmadığından elə bil tərki-dünyayam. Həm də çox zərif olduğum üçün bəzən ayaqlar altında qalıb əzilirəm. Məni də sevirlər. Amma dərib sevdiklərinə hədiyyə etmirlər. Məni alyanaq, bağrıqara lalə adlandırırlar.
Hər kəsin dərdi qəlbində gizlidir. Heç bilən varmı ki, mənim bağrım niyə qaradır? Çünki çəməndə bitdiyim üçün ətrafımda məndən gözəl çiçək görmür, özümü tənha hiss edirəm. Bəzən danışmağa başlasam, özümdən utandığımdan yanaqlarım alqırmızı olur. İnsanlar da elə düşünürlər ki, guya yalan danışdığım üçün qızarıram. Axı deyirlər, yalan danışanın üzü allanıb başı aşağı düşər. Hətta bəziləri elə zənn edir ki, guya özümü insanlara zorla sevdirməyə çalışıram.
Lalə məyyus halda susdu.
Söhbətə nərgiz çiçəyi qoşuldu:
— Mənim dərdim isə hamınızın dərdindən böyükdür. Çünki həm qoxum var, həm də gözəlliyim. Mən də yazın gəlişini ilk müjdələyən çiçəklərdənəm. Bilirəm, məni də sevirlər. Amma qoxum bir qədər tünd olduğundan bəzi insanlarda allergiya yaradır. Çoxları məni qoxlaya bilmir. Hətta xanımlar məni evdə güldana qoyub stolun üstünə yerləşdirə bilmirlər. Bu isə məni çox kədərləndirir. Halbuki mənim qoxumdan xanımlar üçün ətirlər hazırlanır.
Bu söhbətlərdən sonra bülbül güldən ayrılıb bağçanı gəzməyə başladı. Gəzdikcə bəzi quşların ona təəccüblə baxdığını görür, yayılan dedi-qoduları eşidirdi. Bu söz-söhbətlər getdikcə ona pis təsir edirdi. Lakin gülü sevdiyi üçün onun üzərinə çox getmək istəmirdi. Bununla belə, qəlbinə bir xal düşmüşdü. Fikirləşirdi ki, gərək bir dəfə gül ilə bu barədə açıq danışsın.
Belə də etdi.
Yenidən gəlib gülün ləçəkləri üzərinə qondu və bir qədər əsəbi halda oxumağa başladı.
Gül bülbülün dəyişdiyini hiss edib soruşdu:
— Nə olub, sevdiyim? Niyə belə bikef qayıtmısan?
Bülbül dedi:
— Mən səndən heç nə gizlətməyəcəyəm. Bağçada dolaşarkən sənin haqqında çoxlu dedi-qodular eşitdim. Bunlar doğrudurmu?
Gül bir an duruxdu, sonra sakit səslə dedi:
— Ey mənim bülbülüm! Bizim məhəbbətimiz bülbül eşqi, gül sevdasıdır. Sən niyə bu sevginin üstünə kölgə salırsan? Məgər unutmusan ki, bar verən ağaca daş atan çox olar? Məni Allah gözəl yaradıbsa, bunda mənim günahım nədir? Allah hər kəsə öz payını verib. Sənin səsinə bax. Məgər o səs başqa hansı quşda var? Çünki Allah səni də belə yaradıb.
Bu dedi-qoduları yayanlar bizim məhəbbətimizin əbədiliyinə həsəd aparanlardır. Elələri həmişə olub; sevənləri ayırmaq, ocaq yıxmaq istəyənlər...
Sən bağçanı gəzərkən mən də lalənin, bənövşənin və nərgizin söhbətlərini eşitdim. Onlar da öz aralarında bizim sevgimizdən danışır, ona həsəd aparırdılar.
— Eh, ay mənim gülüm, bəzən deyiblər ki, "Milçək murdar olmaz, amma könül bulandırar." Gəl söz verək ki, bu deyimi heç vaxt unutmayaq.
Bülbül gülü sakitləşdirib dedi:
— Mən sənin sədaqətinə inanıram.
Bu sözləri desə də, qəlbindəki şübhə onu rahat buraxmırdı.
Bütün bu hadisələri kənardan izləyən Sükut bülbüllə gülün sevgisinə biganə qala bilmədi. Çünki bağçada baş verənlərin hamısı onun gözləri önündə idi.
Sükut bülbülə yaxınlaşıb dedi:
— Ey səsi ilə insanları məftun edən bülbül, gəl məni dinlə. Mən ilin bütün fəsillərində bu bağçadayam. Burada baş verənləri danışmasam da, hamısını görürəm.
Sənin gülün sənə xəyanət etməz!
Əyri ağacdan düz budaq bitməz.
Ot həmişə öz kökü üstə bitər.
Sonra sözünə davam etdi:
— Dedi-qodu dənizin dalğasına bənzəyər. Burulğana düşəni aparar, iradəsi möhkəm olanı isə yolundan döndərə bilməz.
Sükutun hər kəlməsi bülbülü daha dərin düşünməyə sövq etdi.
Sonda isə belə dedi:
— Unutma, həqiqi sevgi şübhə ilə deyil, etibarla yaşayır.
Qeyd: İradəsi olan insan bağlı qapıları açar. Düşüncələr isə təmsilə çevrilərək insanın qəlbinə yol tapar.
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam