Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Kardiologiya İnstitutu niyə inkişaf etmir? –Gülnaz Dadaşovanın 8 illik rəhbərliyi nə verdi?

Ürək-damar xəstəlikləri Azərbaycanda əhalinin sağlamlığı üçün ən ciddi təhlükələrdən biri olaraq qalır. Bu xəstəliklər təkcə ayrı-ayrı insanların həyatına son qoymur, həm də səhiyyə sisteminin üzərinə böyük yük salır. Belə bir şəraitdə ölkənin əsas elmi-tibbi müəssisələrindən biri olan Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun üzərinə xüsusi məsuliyyət düşür. Çünki bu institutun işi yalnız xəstələri müayinə və müalicə etmək deyil, həm də ürək-damar xəstəliklərinin səbəblərini araşdırmaq, onların qarşısının alınması yollarını müəyyənləşdirmək, müasir müalicə metodları hazırlamaq və ölkədə kardiologiya elminin inkişafına rəhbərlik etməkdir.

Yenixeberorg.az: Araşdırmamız zamanı bəlli olur ki, son illərin statistikası göstərir ki, Azərbaycanda bu sahədə ciddi geriləmə var və ciddi problemlər mövcuddur. Bu mənzərənin fonunda isə səkkiz ildən artıqdır instituta rəhbərlik edən professor Gülnaz Dadaşovanın fəaliyyətinin nəticələri müzakirə olunmaya bilməz.

Ürək-damar xəstəlikləri: rəqəmlər həyəcan təbili çalır

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda qan dövranı sistemi xəstəlikləri üzrə ilk dəfə diaqnoz qoyularaq qeydiyyata alınan xəstələrin sayı:

2010-cu ildə: 113 739 nəfər
2015-ci ildə: 134 225 nəfər
2020-ci ildə: 148 516 nəfər
2023-cü ildə: 212 206 nəfər
2024-cü ildə: 233 085 nəfər
2025-ci ildə: 247 019 nəfər olub.

Beləliklə, 2020-ci illə müqayisədə 2025-ci ildə ilk dəfə qeydə alınan xəstələrin sayı təxminən 66 faiz artıb. Rəqəmlər göstərir ki, əhalinin hər 10 min nəfərinə düşən yeni diaqnozların sayı da 2020-ci ildə 148,5 olduğu halda, 2024-cü ildə 228,5-ə yüksəlib. Bu, sadəcə ümumi əhali artımı ilə izah edilə bilməyən ciddi dəyişiklikdir. Bununla belə, yeni diaqnozların artması xəstəliyin real yayılmasının artması ilə yanaşı, müayinə və aşkarlanma səviyyəsinin dəyişməsindən də asılı ola bilər. Ona görə bu rəqəmlər xəstəliyin yayılmasının tam mənzərəsi deyil, lakin problemin miqyasını göstərən mühüm göstəricidir.

Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutu — Bakı

Ölüm statistikası da vəziyyətin ağırlığını təsdiqləyir. 2024-cü ildə qan dövranı sistemi xəstəliklərindən 33 289 nəfər, 2025-ci ildə isə 33 555 nəfər vəfat edib. Sonuncu göstərici həmin il ölkədə qeydə alınan bütün ölüm hallarının təxminən 56 faizini təşkil edib. Başqa sözlə, 2025-ci ildə Azərbaycanda qeydə alınan hər iki ölüm hadisəsindən biri qan dövranı sistemi xəstəliklərinin payına düşüb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatları da problemin dərinliyini göstərir. Təşkilatın 2024-cü il üzrə Azərbaycan səhiyyə sisteminə dair hesabatında 30–79 yaşlı təxminən 2,1 milyon yetkin şəxsdə arterial hipertenziya olduğu qiymətləndirilir. Bütün bu rəqəmlər ölkədə kardiologiya sahəsində elmi araşdırmaların, profilaktikanın, erkən diaqnostikanın və müasir müalicə metodlarının nə qədər vacib olduğunu göstərir. Belə bir vəziyyətdə Kardiologiya İnstitutunun fəaliyyəti ölkənin səhiyyə gündəliyinin mərkəzində dayanmalı, onun nəticələri isə cəmiyyət üçün açıq olmalıdır.

Gülnaz Dadaşova: şəxsi elmi bioqrafiya və ictimai təqdimat

Gülnaz Mahir qızı Dadaşova 2018-ci ildən Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur. O, 2018-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alıb, 2024-cü ildə professor elmi adına layiq görülüb. Rəsmi bioqrafiyasında 80-ə yaxın elmi işinin, 13-dən çox beynəlxalq reytinqli jurnalda məqaləsinin olduğu qeyd edilir. Xüsusilə qeyd edək ki, ölkə mətbuatında onun elmi işi ilə bağlı fərqli məlumatlar yayılıb və bu faktlar hələ də müstəqil araşdırılmayıb.

Dadaşovanın beynəlxalq elmi tədbirlərdə iştirakı, xroniki ürək çatışmazlığı üzrə OPTIMIZE-HF Azərbaycan registrində koordinatorluğu, monoqrafiyaları və elmi nəşrləri də onun bioqrafiyasında göstərilir. O, 2024-cü ildə Türk Dövlətləri Kardioloji Qurultayının, həmin il kardioonkologiya konqresinin, 2025-ci ildə isə Gənc Kardioloqlar Forumunun sədri olub. 2026-cı ilin oktyabrında İsveçrədə keçirilən Global proCardio simpoziumunda iştirak edib. Bunlar onun şəxsi fəaliyyətinin rəsmi təqdimatında yer alan göstəricilərdir və araşdırmada nəzərə alınmalıdır.

Lakin burada mühüm fərq var – direktorun şəxsi elmi bioqrafiyası ilə rəhbərlik etdiyi institutun kollektiv elmi nəticələri eyni anlayış deyil. Məsələn, rəsmi bioqrafiyada göstərilən 80 elmi işin bir qismi onun direktor təyin olunmasından əvvəlki illərə aiddir. Deməli, bu siyahı səkkizillik rəhbərlik dövründə institutun nə qədər inkişaf etdiyini göstərən hesabat sayıla bilməz. Eyni zamanda, beynəlxalq konfranslarda iştirak etmək və tədbirlərə sədrlik etmək elmi əlaqələr baxımından əhəmiyyətli olsa da, bunların ölkənin klinik praktikasına hansı konkret nəticələri gətirdiyi ayrıca qiymətləndirilməlidir. Şəxsi fəaliyyət öndə olsa da, Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun vəziyyəti də göz qarşısındadır.

Dadaşovanın rəhbərlik etdiyi institutun rəsmi saytında onun konfranslarda iştirakı, çıxışları, səfərləri və müxtəlif tədbirlərdə təmsilçiliyi geniş işıqlandırılır. 2026-cı ilin oktyabrında Bazeldə keçirilən simpoziumla bağlı xəbərin başlığının birbaşa direktorun adı üzərində qurulması, eləcə də digər tədbir xəbərlərində onun çıxış və iştirakının ön plana çəkilməsi bu təqdimat üslubunu göstərir.

Maraqlıdır, Dadaşovanın şəxsi bioqrafiyasında və rəsmi təqdimatında görünən bu qədər tədbir, səfər, vəzifə və elmi fəaliyyət institutun kollektiv inkişafında hansı nəticəni yaradıb? Ölkədə ürək-damar xəstəliklərinin qarşısının alınması üçün hansı yeni milli tədqiqat proqramı həyata keçirilib? Hansı diaqnostika və müalicə metodları institutun elmi fəaliyyəti nəticəsində ölkə üzrə tətbiq olunub? Hansı elmi layihələr xəstələrin sağqalma göstəricilərinə təsir edib?

Bu suallara rəqəmlərlə cavab verilməlidir. Statistik rəqəmlərin ildən-ilə artması göstərir ki, ürək problemləri ilə mübarizədə vəziyyət o qədər də Dadaşovanın şəxsi bioqrafiyasında göstərilən geniş “inkişaf” formasında deyil.

Alimlər elmlə məşğul olmalıdır, məhkəmə çəkişmələri ilə yox

Elmi-tədqiqat institutunun əsas sərvəti binası, kabinetləri və avadanlığı deyil. Onun əsas sərvəti alimləri, professorları, elmi məktəbi və tədqiqat aparmaq imkanlarıdır. Bu potensialı qorumaq və inkişaf etdirmək isə ilk növbədə rəhbərliyin məsuliyyətidir. Təəssüf ki, Kardiologiya İnstitutu ilə bağlı son illərdə mediada dərc olunan məlumatların əhəmiyyətli hissəsi elmi nəticələrdən yox, əməkdaşlarla rəhbərlik arasındakı mübahisələrdən, işdən çıxarılmalardan və məhkəmə çəkişmələrindən bəhs edir.

Prof. Elman Ələkbərovun iddiası: İnstitutun keçmiş əməkdaşı, tibb elmləri doktoru, professor Elman Ələkbərov mediaya açıqlamasında uzun illər rəhbərlik etdiyi infarkt şöbəsində son iki ildə tematik xəstələrin qəbuluna və elmi işlərin aparılmasına şərait olmadığını bildirib. İnstitutun rəsmi mövqeyi isə fərqli olub: mətbuat xidməti Ələkbərovun icbari tibbi sığortanın şərtlərini qəbul etmədiyi üçün öz ərizəsi ilə işdən ayrıldığını açıqlayıb. Burada iki fərqli mövqe var. Lakin professorun səsləndirdiyi iddia xüsusilə ciddi sual yaradır: infarkt şöbəsinə rəhbərlik etmiş təcrübəli alim tədqiqat üçün lazım olan xəstə materialına çıxış əldə edə bilmədiyini deyirsə, institutda elmi işin təşkili necə qurulub?

Prof. Sona Qəhrəmanovanın əmək mübahisəsi: Sona Qəhrəmanova ilə bağlı əmək mübahisəsi də diqqət çəkir. Yayılan məlumatlarda onun işdən çıxarılmasına qarşı məhkəməyə müraciət etdiyi, birinci instansiya və apellyasiya məhkəmələrinin işə bərpa barədə qərar verdiyi bildirilirdi. Sonrakı media materiallarında isə Ali Məhkəmənin də onun hüquqlarının bərpası istiqamətində qərar verdiyi və daha sonra institutdan ayrıldığı iddia olunub. Qəhrəmanovanın elmi və pedaqoji fəaliyyəti isə davam edib: Azərbaycan Tibb Universitetinin məlumatına görə, o, 2025-ci ildə professor elmi adına layiq görülüb.

Dr. Azad Hacıyevlə məhkəmə çəkişməsi: İnstitutun keçmiş rəhbər vəzifəli əməkdaşı, sonradan baş həkim təyin edilən Azad Hacıyev də direktor Gülnaz Dadaşova ilə bağlı məhkəmə mübahisəsinə çıxıb. Mətbuatda yayılan məlumatlara görə, Hacıyev 2021–2024-cü illərdə elmi şöbəyə rəhbərlik etdiyi müddətdə əməkhaqqını almadığını iddia edib və bu səbəbdən məhkəməyə müraciət etdib. Bu iddianın yekun hüquqi nəticəsi ayrıca dəqiqləşdirilməlidir, lakin belə bir mübahisənin institutun rəhbərliyi ilə uzun illər elmi və inzibati vəzifələrdə çalışmış şəxslər arasında yaranması özü idarəçilik mühitinə dair suallar doğurur.

Kütləvi attestasiya narazılığı (2025): 2025-ci ildə institutda elmi işçilərin attestasiyası ilə bağlı narazılıq ortaya çıxıb. Elmi dərəcəsi olan 20-yə yaxın əməkdaşın attestasiyanın təşkili qaydasını qanunsuz hesab edərək prosesdə iştirakdan imtina etdiyi bildirilirdi. Onların iddiasına görə, attestasiya Elmi Şuranın qərarı və müvafiq komissiya əsasında təşkil edilməli olduğu halda, bu prosedura əməl edilməyib. Elmi dərəcəli əməkdaşların kütləvi şəkildə attestasiya prosesinə etiraz etməsi elmi kollektivdə idarəçilik etimadının vəziyyəti barədə ciddi sual yaradır. Yəni, hamı səhv ola bilərmi?

2026-cı ilin avqust kadr etirazları: 2026-cı ilin avqustunda daha iki elmi işçi – Elmira Həsənova və Dürdanə Zamanovanın yaşla əlaqədar işdən ayrılması, onların isə bu qərarlara məhkəmə qaydasında etiraz etməsi barədə məlumat yayılıb. Dürdanə Zamanova ilkin məhkəmə instansiyalarının onun işə bərpası barədə qərar verdiyini, institut rəhbərliyinin isə Ali Məhkəməyə şikayət etdiyini açıqlamışdı. Eyni materialda uzun illər institutda çalışmış kardioloq Səidə Rəcəblinin (bu faktla bağlı geniş məlumat verəcəyik) də işdən çıxarılmasına etiraz edərək məhkəməyə müraciət etdiyi bildirilirdi.

Bütün bu hadisələr ayrı-ayrı əmək mübahisələri kimi təqdim oluna bilər. Ancaq onların hamısı bir elmi müəssisədə baş verirsə, artıq məsələ təkcə fərdi mübahisə deyil, idarəçilik mühitinin problemidir.

Alimlərin vaxtı məhkəmə zallarında, izahat yazmaqda, işə bərpa olunmaq uğrunda mübarizədə keçməməlidir. Onlar xəstələri araşdırmalı, elmi məqalələr yazmalı, yeni müalicə metodları üzərində işləməli, gənc həkimlər yetişdirməlidirlər. Bu məlumatlar institutda yerində yoxlama və sənədlərlə təsdiq tələb edir. Ancaq əgər belə çatışmazlıqlar mövcuddursa, rəhbərliyin əsas vəzifəsi alimlərdən hesabat tələb etməkdən əvvəl onların tədqiqat aparması üçün zəruri şəraiti yaratmaqdır.

Beynəlxalq tədbirlər, amma institutun beynəlxalq elmi nəticələri haradadır?

Dadaşovanın şəxsi bioqrafiyasında beynəlxalq tədbirlərdə iştirakı və rəhbərliyi geniş təsvir edildiyi halda, institutun kollektiv elmi məhsuldarlığının illər üzrə göstəriciləri eyni aydınlıqla təqdim olunmur. Bu fərq özü araşdırılmalı məsələdir. Bu qədər professor və alimin imkanlarından niyə lazımi səviyyədə istifadə olunmur? Onlara qarşı hansı idarəçilik yanaşmaları tətbiq olunur və bu vəziyyət direktor Dadaşova üçün, eləcə də institutun gələcəyi üçün hansı riskləri yarada bilər?

Dövlət vəsaiti, milyonluq satınalmalar və nəticə hesabatı

İnstitutun fəaliyyəti yalnız elmi kadrların və rəhbərliyin işi ilə məhdudlaşmır. Burada dövlət vəsaiti hesabına tibbi avadanlıq, dərman və digər ləvazimatlar da alınır. Bu xərclərin nəticəsi isə hələ də açıqlanmır.

2025-ci ilin sentyabrında İnstitutun “Arash Medical Company” QSC ilə tibbi maşın və avadanlıqların alınmasına dair 1 milyon 392 min 324 manat 73 qəpik dəyərində satınalma müqaviləsi bağladığı barədə məlumat var. 2026-cı ilin avqustunda dərman, sarğı ləvazimatları və tibbi materialların alınması üçün ehtimal olunan dəyəri 1 milyon 734 min manat olan tender elan edilib. Tenderdə 68 adda məhsulun, o cümlədən angioqrafiya və digər invaziv müdaxilələrdə istifadə olunan ləvazimatların alınması nəzərdə tutulub. Bu məbləğlər özlüyündə hər hansı qanun pozuntusunu sübut etmir. Söhbət dövlət vəsaitinin səmərəli istifadəsi və əldə olunan nəticələrin açıqlanmasından gedir.

Alınan avadanlıqların hansı şöbələrdə quraşdırıldığı, nə vaxt istifadəyə verildiyi, ildə neçə xəstəyə xidmət göstərdiyi, neçə əlavə müayinə və müdaxiləyə imkan yaratdığı barədə məlumatlar dəqiqliyi ilə araşdırma tələb edir. Özü də indi, Səhiyyə Nazirliyi sistemində böyük islahatların başladığı bir dövrdə bu faktların araşdırılması əsas diqqət mərkəzində olmalıdır.

Bir milyon manatdan artıq avadanlıq alınırsa, onun klinik nəticəsi nədir? Milyonlarla manatlıq dərman və tibbi material satın alınırsa, bu xərclər xəstələrin müalicə imkanlarını nə qədər genişləndirir? Nəticələr, statistik rəqəmlər, ölüm halları bu qədər vəsaitlərin qarşılığında bizə nəyi deyir?

institutun adı var, bəs nəticəsi?

Gülnaz Dadaşovanın rəhbərliyi altında institutun fəaliyyəti ilə bağlı müsbət təşəbbüslər və şəxsi elmi nailiyyətlər mövcudluğu reklam olunur. Yeni jurnalın yaradılması, beynəlxalq tədbirlər, gənc kardioloqlar forumları və elmi nəşrlər və sairə…

Lakin bunlar ölkənin kardiologiya sahəsindəki böyük problemin həllinə verilən töhfəni ölçmək üçün kifayət edirmi? Dövlət Statistika Komitəsinin rəqəmləri yeni diaqnozların artdığını, hər il on minlərlə insanın qan dövranı sistemi xəstəliklərindən vəfat etdiyini göstərir. Belə bir vəziyyətdə ölkənin əsas kardiologiya elmi müəssisəsinin rəhbərliyi ictimaiyyət qarşısında yalnız tədbirlər və şəxsi nailiyyətlərlə reklama deyil, konkret nəticələrlə çıxış etməlidir. İnstitutun 2018-ci ildən bu günə qədər elmi nəşrlərinin illər üzrə sayı, beynəlxalq bazalarda indekslənən kollektiv tədqiqatları, tamamlanmış elmi layihələri, klinik protokollara verdiyi töhfə, regionlarda həyata keçirdiyi proqramlar, xəstə nəticələri və satın alınmış avadanlıqların effektivliyi barədə tam hesabat təqdim edilməlidir.

Kardiologiya İnstitutu bir nəfərin şəxsi nüfuzunu artırmaq üçün yaradılmış platforma deyil. Bu müəssisə Azərbaycanın elmi-tibbi təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Onun rəhbəri də özünü deyil, institutu, elmi məktəbi və ölkənin xəstələrini ön plana çıxarmalıdır. Əgər səkkiz ildən artıq rəhbərlikdən sonra institutun əsas müzakirə mövzuları elmi nəticələrdən çox kadr qarşıdurmaları, məhkəmə çəkişmələri, iş şəraiti və şəxsi təqdimat ətrafında cəmlənirsə, deməli, idarəçilik modelinə yenidən baxılmalıdır. Ölkənin kardiologiya elminə yeni nəfəs, alimlərə sərbəst tədqiqat mühiti, gənc mütəxəssislərə inkişaf imkanı lazımdır.

Bu potensialı reallaşdırmaq üçün institutun rəhbərliyi elmi nüfuzu, kollektivlə işləmək bacarığı və ölçülə bilən nəticələri ilə seçilən mütəxəssis tərəfindən həyata keçirilməlidir. Sual artıq yalnız Gülnaz Dadaşovanın neçə beynəlxalq tədbirdə iştirak etməsi deyil. Əsas sual budur ki, onun rəhbərliyi dövründə Kardiologiya İnstitutu ölkənin ürək-damar xəstəlikləri ilə mübarizəsində hansı real irəliləyişi təmin edə bilib? Statistik rəqəmlər göstərir ki, vəziyyət ürəkaçan deyil və ürəyimizi özümüzlə bərabər Kardiologiya İnstitutunun nailiyyətləri də qorumalıdır ki, qorumur…

Ən sonda daha ciddi… Məlumata görə, gənc elmi kadrların hazırlanmasında ciddi narahatlıq mövcuddur. Qeyd olunur ki, Gülnaz Dadaşovanın direktor olduğu dövrdə institutda yeni elmi kadrların, o cümlədən elmlər namizədlərinin hazırlanması istiqamətində nəzərəçarpacaq nəticələr əldə olunmayıb. Elmi işləri tamamlanaraq müdafiəyə və təsdiqə hazır olan əməkdaşların klinikaya yönləndirilməsi, onların əsas elmi fəaliyyətlərindən uzaqlaşdırılaraq daha çox klinik və inzibati işlərə cəlb edilməsi institutun elmi inkişafına ciddi maneə yaradıb. Nəticədə institutun gələcək elmi potensialının formalaşdırılması, gənc alimlərin yetişdirilməsi və elmi tədqiqatların davamlılığı təhlükə altına düşüb.(bizimesr.info)

"Yenixeberorg.az" olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam