“Hitler kabusu” Avropaya geri dönür? –Almaniyada radikal sağdan TARİXİ SIÇRAYIŞ
Almaniyada siyasi mənzərəni silkələyən seçki nəticəsi qeydə alınıb. Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə sağ populist Almaniya üçün Alternativ (AfD) səslərin 44,5 faizini toplayaraq birinci yerə çıxıb.
Yenixeberorg.com: Almaniyanın ARD ictimai yayımçısının açıqladığı nəticələrə görə, AfD cəmi beş il ərzində səsini 23,7 faiz bəndi artırıb. Partiya 2021-ci ildə həmin əyalətdə 20,8 faiz səs toplamışdı.
Bu nəticə Almaniyada İkinci Dünya müharibəsindən sonra radikal sağın yüksəlişi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
CDU-nun qalası dağıldı
2002-ci ildən bəri Saksoniya-Anhaltda bütün baş nazirləri çıxaran Xristian Demokrat İttifaqı (CDU) bu dəfə böyük fərqlə ikinci yerə düşüb.
35 yaşlı Ulrich Siegmundun rəhbərliyi altında seçkiyə gedən AfD-nin nəticəsi xüsusilə diqqət çəkir. Çünki qarşıda Aşağı Saksoniya, Berlin və Meklenburq-Ön Pomeraniyada da seçkilər var.
İndi Almaniyada əsas müzakirələrdən biri budur: ənənəvi partiyalar AfD-ni hakimiyyətdən kənarda saxlamaq üçün qurduqları siyasi “təhlükəsizlik divarını” nə qədər davam etdirə biləcəklər?
Bəs Avropanın faşizmin ən ağır nəticələrini yaşamış ölkəsində radikal sağ niyə bu qədər sürətlə güclənir?
Güven Aydın: “Almaniyada təhlükəli siyasi boşluq yaranıb”
Almaniyada yaşayan siyasi şərhçi Güven Aydın hesab edir ki, AfD-nin yüksəlişini təkcə irqçilik və ya neonasizm anlayışı ilə izah etmək məsələnin mahiyyətini tam əks etdirmir.
Onun fikrincə, Almaniyada illərdir yığılan sosial-iqtisadi narazılıq, miqrasiya böhranı, təhlükəsizlik qayğıları və ənənəvi partiyalara etimadın azalması radikal sağ üçün son dərəcə əlverişli siyasi zəmin yaradıb:
“Almaniyada uzun müddətdir ciddi narazılıq toplanır. İnsanların bir hissəsi hesab edir ki, Berlin onların gündəlik problemlərindən uzaqlaşıb. Bahalaşma, mənzil problemi, enerji xərcləri, iş yerləri ilə bağlı qeyri-müəyyənlik və miqrasiya məsələsi üst-üstə düşəndə etiraz səsi radikal partiyalara yönəlir”.
Ərəb qaçqınlar AfD-ni gücləndirdimi?
Aydının fikrincə, 2015-ci ildən sonra Almaniyaya Yaxın Şərqdən, xüsusilə Suriyadan böyük miqrasiya dalğası AfD-nin siyasi mobilizasiyasında mühüm faktorlardan birinə çevrilib. Lakin bütün məsuliyyəti ərəb qaçqınların üzərinə qoymaq yanlış olardı:
“AfD miqrasiya mövzusundan son dərəcə effektiv siyasi alət kimi istifadə etdi. Ayrı-ayrı miqrantların törətdiyi cinayətlər, inteqrasiya problemləri və sosial yardımlarla bağlı mübahisələr mediada və sosial şəbəkələrdə ümumiləşdirilərək bütün miqrantlara şamil edildi. Bu da cəmiyyətdə qorxu və narazılığın böyüməsinə xidmət etdi”.
Şərhçi hesab edir ki, problem yalnız Almaniyaya gələn insanların sayı deyil, Berlinin miqrasiya və inteqrasiya siyasətinin cəmiyyətin müəyyən təbəqələrində yaratdığı ədalətsizlik hissidir.
“Alman seçicisinin bir hissəsi düşünür ki, dövlət yeni gələnlər üçün vəsait tapdığı halda öz vətəndaşının mənzil, sosial təminat və yaşayış xərcləri ilə bağlı problemlərini həll edə bilmir. AfD də məhz bu hissi siyasi kapitala çevirir. Burada miqrant səbəbdən daha çox siyasi vasitəyə çevrilib”.
“Hitler Almaniyası geri qayıdır” demək doğrudurmu?
Aydın bu məsələdə mühüm fərq qoymağın lazım olduğunu bildirir:
“AfD-yə səs verən 44,5 faizin hamısını neonasist və ya Hitler tərəfdarı adlandırmaq ciddi səhv olar. Bu insanların arasında sistemə etiraz edən, miqrasiya siyasətindən narazı qalan, iqtisadi vəziyyətdən şikayət edən və ənənəvi partiyalara alternativ axtaran böyük seçici kütləsi var. Təhlükə başqa yerdədir: sosial narazılıq radikal ideologiyanın normallaşması üçün münbit zəmin yarada bilər”.
Onun fikrincə, Almaniyanın tarixi təcrübəsi səbəbindən bu tendensiya xüsusilə həssasdır.
“Hitler də bir gündə ortaya çıxmamışdı. İqtisadi böhran, siyasi sistemə inamsızlıq, cəmiyyətin qütbləşməsi və günahlandırılacaq sosial qrupların müəyyənləşdirilməsi radikallaşmanın zəminini yaratmışdı. Bugünkü Almaniya 1930-cu illərin Almaniyası deyil. Demokratik institutlar çox güclüdür. Ancaq tarixin dərsi odur ki, cəmiyyətin narazılığını vaxtında görməmək təhlükəli nəticələr doğura bilər”.
Problem qaçqınlardır, yoxsa Berlin?
Beləliklə, AfD-nin 44,5 faizə yüksəlməsini yalnız miqrantlarla izah etmək mümkün deyil. Miqrasiya katalizatorlardan biridir, lakin onun arxasında daha böyük sosial və siyasi böhran dayanır: iqtisadi narazılıq, Şərq-Qərb fərqləri, ənənəvi partiyalara etimadsızlıq, təhlükəsizlik mübahisələri və Berlin elitası ilə seçici arasındakı məsafə.
Əsas təhlükə isə AfD-nin bir seçkidə neçə faiz toplaması deyil.
Əsas sual budur: Almaniyada dünən siyasi sistemin kənarında hesab edilən radikal fikirlər sabah siyasi normaya çevrilə bilərmi?(yenicag.az)
Amir Aqiloğlu










AZ
RU
