ABŞ “nüvə açarı” verdiyi ölkəni niyə müdafiə etmir:Türkiyə və Pakistan BÖYÜK SAVAŞA məcbur buraxılır
Əgər, Yaxın Şərqdə hərbi-siyasi proseslər eynilə davam edərsə, “Məkkə sazişi” yalnız üç ölkə arasında müdafiə əməkdaşlığı formatı olaraq qalmaya və Körfəzin ümumi təhlükəsizliyinin yeni regional mexanizmlərindən birinə də çevrilə bilər... Burada ən böyük risk isə regional qarşıdurmanın enerji arteriyalarına daha geniş şəkildə yayılma ehtimalıdır, bu halda, mövcud hərbi böhran artıq yalnız Səudiyyə Ərəbistanının deyil, qlobal enerji təhlükəsizliyinin də əsas probleminə çevrilə bilər...
Yenixeberorg.biz: Yaxın Şərqdə təhlükəsizlik, enerji və logistika böhranı dərinləşdikcə, Səudiyyə Ərəbistanının ətrafında da tamamilə yeni strateji situasiya yaranır. Belə ki, bir tərəfdən, ABŞ və Səudiyyə Ərəbistanı arasında uzunmüddətli mülki nüvə əməkdaşlığının əsası qoyulur. Digər tərəfdən isə Yəməndəki husilərin Səudiyyə Ərəbistanı ərazisinə və enerji infrastrukturuna hücumlarının intensivləşməsi bu ölkənin regional hərbi tərəfdaşlara ehtiyacını daha da artırır. Belə bir situasiyada isə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının imzaladığı Məkkə Birgə Müdafiə Sazişi ilk ciddi hərbi-siyasi sınağı ilə üz-üzə qalmış olur.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə bağladığı 30 illik mülki nüvə əməkdaşlığı barədə saziş iki ölkənin münasibətlərinin yalnız enerji və investisiya çərçivəsində qalmadığını göstərən önəmli addımdır. Çünki bu strateji saziş Səudiyyə Ərəbistanında mülki nüvə proqramının inkişafını, ABŞ şirkətlərinin reaktor və nüvə infrastrukturunun yaradılmasında birbaşa iştirakını da nəzərdə tutur. Və bu sənəd artıq ABŞ Konqresinə təqdim edilib, onun gələcək taleyi ilə bağlı siyasi müzakirələr isə hələ də davam edir.
Maraqlıdır ki, bu sazişin ən həssas məqamlarından biri də məhz Səudiyyə Ərəbistanının nüvə yanacağı istehsal etmək imkanları ilə bağlıdır. Üstəlik, Ağ Evdə bu məsələyə fərqli faktorlar üzrə yanaşma tərzinin olması da xüsusilə diqqəti çəkir. Çünki Səudiyyə Ərəbistanının nüvə texnologiyalarına çıxış imkanlarının genişlənməsi ABŞ siyasi dairələrində müəyyən narahatlıqlar da yaradır. Halbuki, Tramp administrasiyası ABŞ şirkətlərinin bu sazişdə iştirakının anlaşmanın mülki xarakterini qorumağa və nəzarət mexanizmlərini gücləndirməyə imkan verəcəyini bildirir. Bununla belə, ABŞ Konqresində sazişin bəzi müddəaları, o cümlədən də uranın zənginləşdirilməsi və nüvə materiallarının emalı ilə bağlı məsələlər ciddi müqavimətlə qarşılanıb.
Göründüyü kimi, ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərində strateji və texnoloji əməkdaşlığın daha da dərinləşdirilmə ehtimalı hər halda, mövcuddur. Ancaq bu, Səudiyyə Ərəbistanının qarşılaşdığı bütün təhlükəsizlik problemlərinin məhz ABŞ tərəfindən birbaşa hərbi yolla həll ediləcəyi anlamına da gəlmir. Əksinə, Yəmən husilərinin Səudiyyə Ərəbistanına son hucumlarına verilən reaksiyalar ABŞ-ın bu silahlı qarşıdurmada hərbi cəhətdən iştirak variantına daha ehtiyatlı yanaşdığını göstərir.
Məsələ ondadır ki, rəsmi Ər-Riyad üçün hazırda əsas təhlükəsizlik problemi məhz husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarının genişlənməyə başlamasıdır. Belə ki, Yəməndəki İranla əlaqəli husi qüvvələri krallığın şəhərlərinə, enerji obyektlərinə və nəqliyyat marşrutlarına hərbi zərbələr endirir. Üstəlik, husilərin son hücumları Səudiyyə Ərəbistanının müdafiə sisteminə və enerji ixracının təhlükəsizliyinə olduqca ciddi problemlər yaradıb. ABŞ isə kəşfiyyat və digər dolayısı dəstək imkanlarını hələlik saxlamasına baxmayaraq, Səudiyyə Ərəbistanın müdafiəsi üçün daha genişmiqyaslı, eləcə də birbaşa hərbi müdaxilə öhdəliyindən uzaq dayanmağa çalışır.
Təbii ki, məhz bu önəmli məqam Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına hərbi-siyasi dəstək məsələsində daha da ön plana çıxarmasına səbəb olur. Belə ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış “Məkkə Sazişi” iştirakçı tərəflərdən birinə silahlı müdaxiləni digərlərinə qarşı da hücum hesab edən kollektiv müdafiə mexanizmi yaradır. Düzdür, bu saziş hələlik tam operativ hərbi reaksiya alyansı səviyyəsinə çatmasa da, husilərin Səudiyyə Ərəbistanı ərazisinə ardıcıl zərbələri onun praktiki imkanlarının ilk ciddi sınağına çevrilməyə başlayıb.
Maraqlıdır ki, Türkiyənin bu vəziyyətlə bağlı rəsmi mövqeyi artıq daha konkret xarakter almağa doğru yönəlib. Belə ki, xarici işlər naziri Hakan Fidan Türkiyənin Səudiyyə Ərəbistanına bu ölkənin ehtiyac duyacağı hərbi-texniki dəstəyi verməyə hazır olduğunu bildirib. Ancaq onun bu barədə açıqlaması hələlik birbaşa Türkiyə qoşunlarının Yəmən husiləri ilə savaşa göndəriləcəyi anlamı daşımır. Çünki Türkiyənin xarici işlər naziri hərbi qarşıdurmanın indiki mərhələsində xüsusilə hərbi-texniki ehtiyacların təmin oluna biləcəyini vurğulayır. Bu hərbi-texniki dəstəyin isə daha çox hava hücumundan müdafiə, radar və müşahidə sistemləri, pilotsuz uçuş aparatlarına qarşı imkanlar, elektron müharibə və digər müdafiə texnologiyalarını əhatə edə biləcəyi bildirilir.
Digər tərəfdən, “Məkkə alyansı”nın daha bir iştirakçısı Pakistan da Səudiyyə Ərəbistanına hərbi-siyasi dəstəyini açıq şəkildə ifadə edib. Bununla belə, rəsmi İslamabad da Pakistanın husilərə qarşı birbaşa hərbi əməliyyatlara qoşulması barədə hələlik rəsmi qərar verməyib. Və bu isə “Məkkə Sazişi”nin kağız üzərindəki kollektiv müdafiə prinsipindən real hərbi mexanizmə çevrilməsinin nə qədər mürəkkəb bir proses olduğunu növbəti dəfə açıq şəkildə göstərir.
Ancaq burada Türkiyə üçün ayrıca strateji məqam da mövcuddur. Belə ki, rəsmi Ankara həm Səudiyyə Ərəbistanı ilə müdafiə və təhlükəsizlik əlaqələrini genişləndirir. Eyni zamanda, həm də İranla münasibətlərini tamamilə qarşıdurma xəttinə gətirməməyə çalışır. Ona görə də, Türkiyənin Səudiyyəyə verə biləcəyi dəstək yalnız hərbi xarakter daşımır. Yəni, rəsmi Ankara hələlik regional siyasi-diplomatik kanallardan istifadə etməklə, hərbi gərginliyin daha genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almağa üstünlük verir.
Bununla belə, hazırda mövcud böhranın ən təhlükəli tərəfi yalnız hərbi qarşıdurmanın coğrafiyasının genişlənmə ehtimalı ilə bağlı deyil. Belə ki, Səudiyyə Ərəbistanı dünyanın əsas neft ixracatçılarından biri olduğundan onun enerji infrastrukturuna qarşı hücumlar qlobal bazara da birbaşa neqativ təsirlər göstərir. Çünki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinin fəaliyyəti artıq pozulub. Bu isə rəsmi Ər-Riyadı neft ixrac marşrutlarını yenidən qurmaq məcburiyyətində buraxır.
Təbii ki, belə qəliz situasiya Yaxın Şərqdə təhlükəsizlik böhranının artıq enerji bazarları ilə bağlantılı duruma gəldiyini göstərir. Yəni, bir tərəfdən Hörmüz boğazında gərginlik, digər tərəfdən isə Qırmızı dəniz və Bab əl-Məndəb istiqamətində hücum təhlükəsi Səudiyyə Ərəbistanı neftinin dünya bazarlarına çıxarılmasını getdikcə, daha mürəkkəb və bahalı prosesə çevirir.” Reuters”in son məlumatlarına görə, Körfəz ölkələri ixrac prosesini qorumaq üçün hətta dənizdə “gəmidən-gəmiyə neft transferləri” kimi alternativ logistika mexanizmlərindən də istifadə etməyə başlayıblar.
Göründüyü kimi, Səudiyyə Ərəbistanı ətrafında bir-birini tamamlayan iki ayrı prosesin paralel inkişaf eydiyi müşahidə olunur. Belə ki, Ağ Ev Ər-Riyad ilə Səudiyyə Ərəbistanının uzunmüddətli enerji və texnoloji imkanlarını gücləndirən nüvə əməkdaşlığına başlayır. Ancaq buna baxmayaraq, ABŞ Yəmən böhranı ilə bağlı Səudiyyə Ərəbistanını müdafiə etmək məsələsində birbaşa hərbi öhdəlik götürməkdən israrla yayınır. Belə vəziyyətdəsə, Türkiyə və Pakistan yeni “Məkkə alyansı” çərçivəsində Səudiyyə Ərəbistanının hərbi təhlükəsizlik yükünün müəyyən bir hissəsini bölüşməyə hazır olduqlarını nümayiş etdirirlər.
Bəzi ehtimallara görə, əgər, bu hərbi-siyasi proseslər eynilə davam edərsə, “Məkkə sazişi” yalnız üç ölkə arasında müdafiə əməkdaşlığı formatı olaraq qalmaya və Körfəzin ümumi təhlükəsizliyinin yeni regional mexanizmlərindən birinə də çevrilə bilər. Ancaq bunun üçün əvvəlcə sazişin ratifikasiyası, konkret hərbi mexanizmlərin müəyyənləşdirilməsi və üzv ölkələrin hansı şərtlərdə kollektiv müdafiə tədbirlərinə başlayacağının dəqiqləşdirilməsi də lazımdır. Burada ən böyük risk isə regional qarşıdurmanın enerji arteriyalarına daha geniş şəkildə yayılma ehtimalıdır. Bu halda, mövcud hərbi böhran artıq yalnız Səudiyyə Ərəbistanının müdafiəsi ilə məhdudlaşmayaraq, qlobal enerji təhlükəsizliyinin əsas problemlərindən birinə də çevrilə bilər.(musavat)
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert










AZ
RU