Sumqayıt şəhərində kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, şəhər ərazisində təmizlik və sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Yenixeberorg.biz: Bu məqsədlə məişət tullantılarının vaxtında və operativ şəkildə daşınmasını təmin etmək üçün şəhərin kommunal təsərrüfatına yeni xüsusi təyinatlı zibil daşıyan avtomobillər cəlb olunub. Eyni zamanda, şəhərin sanitar-təmizlik xidmətlərinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yeni məişət tullantısı konteynerləri alınıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni alınmış xüsusi təyinatlı avtomobillərə baxış keçirib, onların texniki imkanları və istismar xüsusiyyətləri barədə məlumat alıb.
Bildirilib ki, yeni texnikanın istifadəyə verilməsi məişət tullantılarının toplanması və daşınması işlərinin daha çevik və səmərəli təşkilinə, kommunal xidmətlərin operativliyinin artırılmasına imkan yaradacaq.
Şəhərə gətirilmiş yeni tullantı konteynerlərinin isə mövcud tələbat nəzərə alınmaqla müxtəlif ərazilərdə, xüsusilə əlavə konteynerlərə ehtiyac duyulan məhəllə və yaşayış massivlərində mərhələli şəkildə yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, Sumqayıt şəhərində abadlıq, təmizlik və sanitariya işlərinin müasir tələblər səviyyəsində təşkili, kommunal təsərrüfatın maddi-texniki bazasının yenilənməsi və şəhər sakinlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.











AZ
RU
