Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda -ŞƏRH

Zəngəzur mis-molibden kombinatı uzun illərdir ki, təkcə ən böyük sənaye müəssisəsi deyil, həm də Ermənistanın ən böyük vergi ödəyicisi olaraq qalır. 2024-cü ilin yekunlarına görə, şirkət 256 milyon dollardan çox vergi ödəyib.
Ötən illərdə Qacaran sakinləri kombinatın binası qarşısında etiraz aksiyası keçirmişdilər. Aksiya iştirtakçıları kombinatın fəaliyyəti səbəbindən sağlamlığına ziyan dəyənlərə kompensasiya ödənilməsi tələbini irəli sürürdülər. Onlar müəssisə administrasiyasından sosial tələblərinin həllini istəyiblər.
Kombinatın işçiləri də etiraz aksiyası keçirərək iş şəraitinin və başqa sosial problemlərin həllini tələb etmişdilər.
Məlumata görə, Cənubi Qafqazda ətraf mühiti çirkləndirən, eləcə də vilayətdə sakinlərin sağlamlığına zərbə vuran müəssisənin həmkarlar təşkilatı bu kimi ekoloji fəlakət törətməklə bağlı əməllərini gözdən salmaq, belə əməllərinə don geyindirmək üçün genişmiqyaslı sosial layihələr çərçivəsində uşaq bağçalarını, idman dərnəklərini, tibb müəssisələrini, mədəniyyət evini və bir sıra sosial layihəni maliyyələşdirdiklərinə dair açıqlama yayır.
Zəngəzur mis-molibden kombinatına nəzarət paketinin aksiyaları "GeoProMining" şirkətlər qrupuna məxsusdur. İkinci böyük səhmdar - Ermənistan Respublikası hökumətidir. Ona ümumilikdə təxminən 21,8% pay məxsusdur.
"GeoProMining" şirkətlər qrupu sürmə, qızıl, gümüş, sink, qurğuşun, mis və molibdenin kəşfiyyatı, hasilatı və emalı üzrə ixtisaslaşmış beynəlxalq diversifikasiya edilmiş dağ-metallurgiya holdinqidir. 2001-ci ildə təsis edilib. Şirkətin əsas istehsal aktivləri Rusiya və Ermənistanda cəmləşir.
Şirkətin Rusiyanın Saxa Respublikasında "Sarılax" və "Sentaçan" yataqları, "Zvezda" Səhmdar Cəmiyyəti (qızıl və sürmə hasilatı) törəmə strukturları var.
Bildirilib ki, "GeoProMining" geoloji kəşfiyyata strateji investisiyalar çərçivəsində resurs bazasını hər il genişləndirərək aparıcı dağ-mədən müəssisələri sırasında sabit yer tutur.
Təkcə mis-molibden kombinatı deyil, Ermənistan atom elektrik stansiyasının (AES) fəaliyyəti də regionun ətraf mühiti üçün başlıca təhlükə mənbəyidir. Ona qarşı da əhali narahatlığını gizlətməyib. Ötən illərdə vətəndaşlar stansiyanın fəaliyyətinin təcili dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara şikayət məktubu ünvanlayıblar.
AES-in yaratdığı kimyəvi tullantılar Zəngəzur vilayətini yararsız əraziyə çevirir. Bildirilib ki, tullantıların yığıldığı gölməçələrdən xeyli aralıdakı kəndlərdə ermənilərin əkdiyi ərzaq məhsullarında, xüsusilə kartofda insan sağlamlığı üçün təhlükəli sayılan kimyəvi maddələr aşkarlanıb.
Cənubi Qafqazda bu iki müəssisə ekologiya üçün təhdid mənbəyidir. Kombinat və AES-lə bağlı problemlər yeni deyil. Onlardan siyasi məqsəd üçün istifadə edilib. Ermənistanın elektrik şəbəkəsi Rusiyanın nəzarəti altında olduğundan RF onu işlərini aktiv şəkildə dəstəkləyir. Federasiyanın "Rosatom" dövlət korporasiyası modernizasiya üzrə podratçı və nüvə yanacağı təchizatçısı kimi çıxış edir.
Rəsmi İrəvan buna alternativ olaraq atom energetikasının şaxələnməsi və yeni güc qurğularının tikintisi üçün Qərb tərəfdaşları, xüsusilə ABŞ-nin cəlb edilməsi imkanlarını da nəzərdən keçirir.
Zəngəzur mis-molibden kombinatının Rusiyaya bağlı şəxslərin nəzarətində olması da hadisələrə siyasi baxımdan yanaşmağa şərait yaradır. Bu müəssisə dünyada molibdenin ən böyük 10 istehsalçısı sırasına daxildir. O, 1952-ci ildə fəaliyyətə başlayıb. 74 il ərzində şirkətin ölkə və regionun ətraf mühitinə vurduğu ziyan qapalı, aşkar şəkildə dəfələrlə gündəliyə gəlib. Ancaq problemin həlli ilə bağlı əməli tədbir görülməyib.
AES ilə Kombinat birbaşa və dolayı şəkildə Rusiyanın nəzarəti altında olduğundan rəsmi İrəvan Moskva ilə münasibətlərində onlardan alət kimi istifadə edə bilər. Nəticədə bu, Ermənistan-Rusiya siyasi atmosferinə, Cənubi Qafqazın ətrafı mühitinə təsir göstərər. Ona görə də stansiya və şirkəti indiki şəraitdə iki ölkə münasibətlərinin barometri də saymaq olar.(Report)









AZ
RU