Novxanı yolu üzərində aparılan tikinti işləri bir sıra suallar yaradıb. Əraziyə dair redaksiyaya təqdim olunan görüntülərdə tikinti prosesinin hansı şəraitdə həyata keçirildiyi, işçilərin təhlükəsizliyinin təmin olunub-olunmadığı və qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyi ilə bağlı narahatlıq doğuran məqamlar əks olunub.
Yenixeberorg.az: Məsələ ilə bağlı çəkiliş qrupumuz əraziyə yollanıb. Yerində aparılan müşahidə zamanı ağır texnikaların köməyi ilə tikinti işlərinin davam etdirildiyi məlum olub. Lakin ərazidə tikintinin kim tərəfindən aparıldığını, layihənin mahiyyətini və müvafiq icazələrin olub-olmadığını müəyyənləşdirməyə imkan verən hər hansı məlumatlandırıcı lövhəyə rast gəlinməyib.
Bundan əlavə, tikinti sahəsində işçilərin təhlükəsizliyi ilə bağlı da suallar yaranıb. Əmək şəraitinin necə təşkil edildiyi, çalışan şəxslərlə əmək müqavilələrinin bağlanıb-bağlanmadığı və əməyin mühafizəsi qaydalarına riayət olunub-olunmadığı diqqət çəkən məsələlərdəndir.
Əməkdaşlarımız məsələ ilə bağlı ərazidə çalışan şəxslərdən açıqlama almağa çalışsalar da, onlar danışmaqdan çəkiniblər. Tikinti sahəsinin ofisinin həmin ərazidə deyil, yolun digər tərəfində yerləşdiyini bildiriblər. Lakin qeyd olunan ünvanda da tikinti işlərinin aparıldığı müşahidə olunub. Buna baxmayaraq, məsul şəxslərlə əlaqə saxlamaq və məsələyə aydınlıq gətirmək mümkün olmayıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(patrul.az)
Sevinc Yarməmmədova








AZ
RU
