2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir –Direktorun, yoxsa dövlətin?!

“2 nömrəli Bakı Baza Tibb Kolleci” publik hüquqi şəxsi tərəfindən digər malların satınalınması üzrə 11.09.2026-cı ildə başlanılmış kotirovka sorğusuna 16.10.2026-cı ildə yekun vurulub. Müsabiqənin qalibi “ALVİON SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 31.255 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 16.10.2026-cı ildə dərc edilib.
Yenixeberorg.az: Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun ehtimal olunan qiyməti 60.530,00 manat müəyyən edilib.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.
Amma göründüyü kimi 2 nömrəli Bakı Baza Tibb Kolleci kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın aşağı qiymət təqdim etmiş “ALVİON SERVİS” MMC ilə satınalma müqaviləsi bağlamağı nəzərdə tutur ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bununla yanaşı keçirilmiş dövlət satınalmalarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALVİON SERVİS” (VÖEN: 2908393191) Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.09.2026-cı il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 5 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, H.Z.TAĞIYEV, SARIQAYA Y/M, ev.12, m.34, qanuni təmsilçisi kimi isə Sultanov Vüsal Təhmasib oğlu qeyd olunub.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından da göründüyü kimi “ALVİON SERVİS” MMC 10.09.2026-cı ildə dövlət qeydiyyatına alınıb. 2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxsi isə keçirdiyi kotirovka sorğusuna 11.09.2026-cı ildə başlamışdır.
Göründüyü kimi 2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxsi kotirovka sorğusu müsabiqələrinə başladıqdan cəmi 1 gün əvvəl dövlət qeydiyyatına alınmış “ALVİON SERVİS” MMC-ni qalib seçmişdir.
Bununla da 2 nömrəli Bakı Baza Tibb Kolleci publik hüquqi şəxsi tərəfindən “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarının tələbləri pozulmuşdur.
Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən digər malların satınalınması üçün keçirilən müsabiqə 17.07.2026-ci ildə tamamlanmışdır. Müsabiqədə hüquqi adresi “VİA 2026 GROUP” MMC 39 449,30 manat təklif verərək qalib seçilmişdir.
Lakin 11.08.2026-cı ildə satınalma nəzarət orqanının qərarı ilə ləğv edilmişdir. Çünki, “VİA 2026 GROUP” MMC-nin də satınalmadan cəmi iki ay əvvəl dövlət qeydiyyatına alındığı və analoji işlərdə təcrübəsinin olmaması əsas götürülmüşdür.
Belə olan halda 2 nömrəli Bakı Baza Tibb Kolleci analoji işlərdə təcrübəsi olmayan, kotirovka sorğusu müsabiqəsinə başladıqdan cəmi 1 gün əvvəl dövlət qeydiyyatına alınmış “ALVİON SERVİS” MMC-ni hansı əsaslarla qalib seçmişdir.
Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevadır. O, 2007-ci ildən 2 saylı Bakı Baza Tibb Kollecinin direktorudur. Qeyd edək ki, Dilarə Məmmədəliyeva 1990-1992-ci illərdə 2 saylı Bakı Baza Tibb Məktəbinin tədris-hissə müdiri, 1992-2006-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 2006-2007-ci illərdə isə direktor əvəzi vəzifələrində çalışmışdır.
Göründüyü kimi Dilarə Məmmədəliyeva artıq 20 ilə yaxındır ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktorudur. Bu müddət ərzində dövlət satınalmalarında bir çox qanunsuzluqlara yol verib. Hətta oğlunun adına olan “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28.12.2020-ci ildə 34.042,56 manat dəyərində müqavilə bağlayıb. Bu isə o deməkdir ki, 2 nömrəli Bakı Baza Tibb Kollecində dövlət satınalmaları dövlətin deyil, direktor Dilarə Məmmədəliyevanın qanunları ilə keçirilir.(aktualinfo.net)








AZ
RU