Zelenski Putinlə Lukaşenkonu Kiyevə dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini və Belarus Prezidenti Aleksandr Lukaşenkonu danışıqlar aparmaq üçün Kiyevə dəvət edib.
Yenixeberorg.az: Zelenski bu təkliflə çıxış edərək hər iki liderin Ukrayna paytaxtında təhlükəsizliyinin təmin olunacağını bildirib.
“Lukaşenko Putini də götürüb Kiyevə gəlsin. Biz onların təhlükəsiz şəkildə qarşılanacağına zəmanət veririk. Axı söhbət danışıqlardan gedir”, – deyə Zelenski bildirib.
Onun sözlərini Ukraynanın “Novini.LIVE” teleqram kanalı yayıb.
Qeyd edək ki, Zelenskinin bu açıqlaması Belarus lideri Aleksandr Lukaşenkonun əvvəlki təklifinə cavab olaraq səslənib.
Lukaşenko Fransa mətbu orqanı “Le Point”ə müsahibəsində Zelenski ilə birlikdə Moskvaya uçmağa hazır olduğunu bildirmişdi. O, Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Ukrayna liderinin təhlükəsizliyinə şəxsən zəmanət verə biləcəyini demişdi.
Belarus liderinin sözlərinə görə, Rusiya, Ukrayna və Belarus rəhbərlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüş müharibənin başa çatdırılması ilə bağlı razılığa Avropa ölkələrinin iştirakı olmadan daha tez nail olmağa imkan verə bilər.
Lukaşenko hətta Zelenskinin bu təklifi qəbul etməyəcəyi təqdirdə müharibəni davam etdirməli olacağını söyləyib.
Ukrayna Prezidenti isə Lukaşenkonun təklifini ciddi hesab etmədiyini bildirib. Onun sözlərinə görə, müharibə şəraitində danışıqların nə Moskvada, nə də Kiyevdə keçirilməsi mümkündür və bunu bütün tərəflər yaxşı anlayır.
Zelenski Lukaşenkonun onu özü ilə Moskvaya aparmaq təklifinə də istehzalı münasibət göstərib:
“Lukaşenko məni özü ilə aparmağı təklif edir. Mən onun üçün çamadanam ki, götürüb təyyarəyə qoysun və Moskvaya aparsın?”
Ukrayna lideri hesab edir ki, bu cür qeyri-konstruktiv təkliflər müharibənin başa çatmasına kömək etmir, əksinə, informasiya məkanını lazımsız müzakirələrlə doldurur.
Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə Zelenskini danışıqlar üçün Moskvaya dəvət edib. Ukrayna tərəfi isə bu təklifi qəbul etməyərək görüşün daha neytral məkanda keçirilməsinin tərəfdarı olduğunu bildirib.








AZ
RU