Trampın İranla müharibəsi üçün 4 ssenari -TƏHLİL

ABŞ prezidenti Donald Tramp Konqresə aralıq seçkiləri kampaniyası dövründə İranla müharibənin "seçkilərdən dərhal sonra" başa çatacağını deyirdi.
Yenixeberorg.az: Onun təmsil olunduğu Respublikaçı Partiyası hər iki palatada nəzarəti itirib. Trampın öz vitse-prezidenti də bu məğlubiyyətin səbəbini birbaşa müharibə ilə əlaqələndirib.
Demokratlar təxminən iki aydan sonra Konqresdə büdcəyə nəzarəti ələ keçirəcəklər. İndi Trampın qarşısında heç biri ideal olmayan bir neçə seçim dayanır: danışıqlar aparmaq, eskalasiya, yaxud mövcud vəziyyəti qorumaq.
"Demokratlar hakimiyyəti bu gün ələ keçirmirlər. Tramp hərbi kampaniyanı yenidən başlatmaq istəsə, .. iki ay vaxtı var", – ABŞ-də yaşayan milli təhlükəsizlik eksperti Şayan Samii AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) bildirib.
Onun sözlərinə görə, prezident hərbi əməliyyatları milli təhlükəsizlik maraqları ilə əsaslandıra bilər.
Ssenari 1: Müharibənin tam bərpası
Tramp seçkilərdən sonra genişmiqyaslı hava zərbələrini bərpa edə biləcəyinə dəfələrlə işarə vurub. İsrailin baş naziri Binyamin Netanyahunun da onu buna təşviq etdiyi deyilir.
AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, hərbi kampaniya yenidən başlasa, böyük ehtimalla apreldəki taktika təkrarlanacaq. O zaman ABŞ və İsrail körpüləri, dəmir yollarını və enerji infrastrukturunu hədəf almışdı. Tramp isə İrandakı bütün elektrik stansiyalarını yandırmaqla hədələmişdi.
İranın əsas neft ixrac terminalı olan Xarq adasında indiyədək yalnız hərbi obyektlər vurulub. Vaşinqton adanın enerji infrastrukturuna zərbə endirməyib. Üstəlik, İran limanlarının blokadası ölkənin neft ixracını, demək olar ki, sıfıra endirdiyindən buna ehtiyac da qalmayıb.
Romada yaşayan iranlı təhlükəsizlik eksperti Şahin Modarres isə bu dəfə bu qırmızı xəttin keçiləcəyini gözləyir.
"Təəssüf ki, qarşıda çox ağır müharibə görürəm", - o, "Radio Fərda"ya deyib.
Ekspert Vaşinqtonun mərhələli şəkildə hərəkət etdiyini və çəkindirmə siyasəti yürütdüyünü vurğulayır. Tehranla iyunda imzalanmış anlaşma memorandumu qüvvədən düşdükdən sonra iqtisadi təzyiq kampaniyası başlanıb. Sərt sanksiyalar tətbiq edilib, aviareyslər azaldılıb və İranın quru sərhədləri qismən bağlanıb.
Modarresin fikrincə, bu təzyiqlər nəticə vermədiyindən növbəti mərhələ Tehranı təslim olmağa məcbur etməkdir.
Tehran isə son həftələr müharibənin yenidən başlanmasının fəsadları barədə xəbərdarlıqlar edir.
Oktyabrın 31-də İranın ali rəhbəri Müctəba Xamenei hərbi komandirlərə istənilən yeni hücuma "dərhal, təsirli və coğrafi məhdudiyyət qoymadan" cavab verməyə hazırlaşmağı və potensial hədəflərin siyahısını genişləndirməyi tapşırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da Fars körfəzində sualtı rabitə kabellərini hədəfə almaqla hədələyib.
Ssenari 2: Bir güclü zərbə endirib getmək
Az ehtimal olunsa da, uzunmüddətli müharibə olmadan qələbə qazanmaq istəyən prezident aralıq varianta da əl ata bilər.
Oktyabrın sonlarında yayılan məlumatlara görə, Tramp administrasiyası regiondakı müttəfiqlərinə seçkilərdən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi kampaniyanın mümkünlüyü barədə xəbərdarlıq edib. Bu zaman əsas hədəflərdən biri "Külüng dağı" kompleksi ola bilər. Bundan sonra Tramp İranın nüvə proqramına kifayət qədər zərər vurulduğunu elan edərək razılığa gəlməyə çalışa bilər. Müəyyən sanksiyaların yumşaldılması qarşılığında Hörmüz boğazı yenidən açılar, nüvə danışıqları isə təxirə salınar.
Kompleksin bəzi hissələrinin yerin 80-100 metr dərinliyində yerləşdiyi güman edilir. Bu isə obyektin məhv edildiyinə dair istənilən iddianı yoxlamağı çətinləşdirir.
İranın hərbi komandanlığı isə xəbərdarlıq edib ki, dağın bombalanması bütün regionda müharibənin yenidən başlanması demək olacaq.
Ssenari 3: Nə hərb, nə də sülh
Tramp mövcud vəziyyəti də saxlaya bilər: o, "müdafiə xarakterli" zərbələr endirə, dəniz blokadasını sürdürə və ABŞ hərbi gəmiləri vasitəsilə Hörmüz boğazından keçən ticarət gəmilərini müşayiət edə bilər.
Amma İran prezidenti Məsud Pezeşkian oktyabrın sonlarında bəyan edib ki, ölkə "nə hərb, nə də sülh" vəziyyətindən çıxmalıdır.
Ş.Samii də İran adalarındakı hərbi obyektlərin arabir vurulması kimi yarımçıq tədbirlərin uzun müddət davam edə biləcəyinə şübhə ilə yanaşır. Onun sözlərinə görə, 2027-ci ilin ortalarından etibarən Vaşinqtonun diqqəti 2028-ci il prezident seçkilərinə yönələcək. Hər iki partiyanın namizədləri İran problemini miras almaq əvəzinə, onun uzunmüddətli həllini tələb edəcəklər.
Ssenari 4: Müvəqqəti razılaşma
Hazırda Qətərin vasitəçiliyi ilə məhdud razılaşmanın əldə olunması üçün fəal diplomatik səylər göstərilir. Bu razılaşma iyunda imzalanmış anlaşma memorandumuna bənzəyə bilər. Həmin sənədlə döyüşlər qısa müddətə dayansa da, sonradan qüvvədən düşmüşdü.
Bazarlar da buna bənzər bir razılaşma gözləyir. Noyabrın 4-də "Brent" markalı neftin qiyməti bir barel üçün 100 dollardan aşağı düşüb.
Amma bir sıra amillər bu ssenarilərin hər birini poza bilər.
İsrail Vaşinqtonun onun qarşı çıxdığı razılaşmaya doğru irəlilədiyini görsə, müstəqil şəkildə hərəkət edə bilər.
Bəzi rəylərə görə, iyun memorandumunun qüvvədən düşməsinə səbəb məhz İranda sərt xətt tərəfdarlarının gəmilərə hücum əmri verməsi olub; bu isə o deməkdir ki, razılaşmanı gələcəkdə Tehran özü də poza bilər.
Tehran Birləşmiş Ştatlardakı aralıq seçkilərinin nəticələrini öz mövqeyinin təsdiqi kimi qiymətləndirir.
Seçkilərdən əvvəl analitiklər deyirdilər ki, İran müharibədə qalib gəldiyini düşünür. Demokratların hər iki palatada qələbəsi Tehranı tələblərini artırmağa və səlahiyyət müddəti bitməkdə olan zəifləmiş prezidentin getməsini gözləməyə həvəsləndirə bilər.
Tramp özü də bütün bu ssenariləri alt-üst edə bilər. Noyabrın 4-də ondan İranla müharibənin nə vaxt başa çatacağını soruşduqda, cavabı qısa olub: "Nə vaxt istəsəm, onda".("Pressklub")









AZ
RU