Elxan Usubov 2024-2025-ci illərdə Şəkidə yolların əsaslı təmirinə ayrılmış vəsaitləri hansı küçələrə səpib -İLGİNC FAKTLAR...

Şəki şəhər İcra Hakimiyyəti 2026-cı ildə Şəki şəhərində yolların asfaltbetonla əsaslı təmiri işlərinin satınalınması üzrə keçirdiya açıq tenderə yekun vurub.Müsabiqənin qalibi “AZİN CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 898.287,15 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 03.11.2026-cı ildə dərc edilib.
Yenixeberorg.az: Qeyd edək ki, bu Şəki şəhər İcra Hakimiyyəti ilə “AZİN CONSTRUCTİON” MMC arasında bağlanan ilk müqavilə deyil.
Yolların asfalt-betonla əsaslı təmiri işləri üzrə 969.575,54 manat dəyərində müqavilə 13.12.2023-cü ildə bağlanılıb.
Şəki şəhər İcra Hakimiyyətinin yeni tikilən inzibati binası üçün 1000 kvA gücündə dizel generatorunun və avadanlıqların alınması işləri üzrə 196.207 manat dəyərində müqavilə 01.12.2023-cü ildə bağlanılıb.
Şəki şəhər İcra Hakimiyyəti üçün yeni tikilən inzibati binanın həyətyanı ərazisində yaşıllıq sahəsinin salınması məqsədilə həmişəyaşıl ağacların və gül kollarının alınması və əkilməsi işləri üzrə 15.879,26 manat dəyərində müqavilə 23.11.2023-cü ildə bağlanılıb.
Şəki şəhər İcra Hakimiyyəti üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması üzrə 2.875.635,03 manat dəyərində müqavilə 11.06.2022-ci ildə bağlanılıb.
Göründüyü kimi Şəki şəhər İcra Hakimiyyəti “AZİN CONSTRUCTİON” MMC ilə həm yolların əsaslı təmiri işləri, həm dizel generatorunun və avadanlıqların alınması, həm ağacların və gül kollarının alınması, həm də tikinti işləri üzrə müqavilələr bağlayıb. MMC-nin Şəki şəhərində gördüyü digər işlər aydın məsələdir. Maraqlıdır MMC Şəki şəhərinin hansı küçələrində yolların əsaslı təmiri işlərini aparıb. Şəki şəhər İcra Hakimiyyəti şərtlər toplusunda sözügedən işlərin hansı küçələrində aparılacağını nə üçün açıqlamayıb. Burada yolların əsaslı təmiri işləri adı altında dövlət vəsaitinin hər il eyni küçələrin təminə yazılmadığına kim zəmanət verə bilər.
Bundan əlavə, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri satınalma planlarına 06.12.2023-cü ildə daxil edilib. Lakin satınalmaların portalında 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri üzrə tenderin nəticələri barədə heç bir məlumat yoxdu. Maraqlıdır. Şəki şəhər İcra Hakimiyyəti 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmirinə nə qədər dövlət vəsaiti ayırıb, müqavilə hansı şirkətlə bağlanılıb, hansı küçələrdə yollar təmir edilib?
Satınalmaların portalında 25.04.2025-ci ildə dərc edilmiş məlumata görə Şəki rayon ərazisində yolların əsaslı təmiri işlərinin (Müsabiqə№104720) satın alınması üzrə keçirilmiş tender prosedurunun nəticəsinə görə aşağı təklif vermiş “Euroline”QSC qalib elan edilmişdir. “Euroline” QSC ilə 661 573.14 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Şəki şəhər İcra Hakimiyyəti 2024-cü ildə olduğu kimi 2025-ci ildə də təmir işlərinin hansı küçələrdə aparılacağını açıqlamamışdır.
Şəki şəhər İcra Hakimiyyətinin daim işbirliyində olduğu “AZİN CONSTRUCTİON” MMC-yə gəlincə. Açıq mənbələrdə şirkətin maddi texniki bazası barədə məlumatlar yoxdur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZİN CONSTRUCTİON” (VÖEN:2003688301) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.02.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, CAVANŞİR, ev.23, m.65, qanuni təmsilçisinin isə Nizamov Raciv Rüfət oğlu olduğu qeyd edilib. MMC-nin təsisçisi Orucov Orxan Alxan oğlu olub.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda “AZİN CONSTRUCTİON” MMC-nin tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə 27.02.2018-ci ildə, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 14.10.2022-ci ildə, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə 12.10.2026-cı ildə lisenziya aldığı göstərilir.
İqtisadiyyat Nazirliyinin vahid reyestrində “AZİN CONSTRUCTİON” MMC-nin yol tikintisi və təmiri üzrə lisenziya alması barədə məlumat yoxdur. Maraqlıdır, Şəki şəhər İcra Hakimiyyəti yol tikintisi və təmiri üzrə lisenziyası olmayan bu şirkətlə müqavilələri hansı əsaslarla bağlayıb?
Qeyd edək ki, bu yaxınlarda mediada Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinə dair apardığı analitik təhlili yayıldı.
Açıqlamada adları hallanan 14 yerli icra hakimiyyəti orqanından biri də Şəki şəhər İcra Hakimiyyətidir. Göründüyü kimi Şəki şəhər İcra Hakimiyyətinin 2024-2025-ci illərdə yolların əsaslı təmiri işlərinin satınalmaları zamanı ciddi qanun pozuntularına yol verilib.
Məsələn Şəki şəhər İcra Hakimiyyəti 19.09.2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə “HOUSE PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5.169,16 manat dəyərində müqavilə bağlayıb.
Göründüyü kimi 2024-cü ildə Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinin görülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə müqavilə bağlanılıb. Amma sözügedən təmir işləri üzrə tenderin nəticələri barədə satınalmaların portalında heş bir məlumat yoxdu.
Hesablama Palatasının analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:
Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə yalnız asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, maililik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.
Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməmiş, yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-maililiklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.”
Maraqlıdır, Hesablama Palatasının açıqlamasında qeyd olunan əsaslı təmir edilmiş yol aktivlərinin mühasibat uçotunda əks olunmayan iyirmi dörd milyon manat dövlət vəsaitlərindən Şəki şəhər İcra Hakimiyyətinin payı nə qədərdir, həmin vəsait qaytarılıb ya yox, hələlik bəlli deyil. Amma bu məlumatlar Şəki şəhərində yolların təmirinə ayrılan vəsaitlərin qeyri müəyyən yollara səpildiyini deməyə kifayət edər.
Qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 23 may 2011-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi Elxan Usubov sərasər 15 ildir Şəki şəhər İcra Hakimiyyətinin başçılıq edir. Mediada Elxan Usubovun biznes imperiyası barədə kifayət qədər geniş məlumatlar var.(aktualinfo.net)









AZ
RU