VII Bakı Forumu - mədəniyyətlərarası dialoqun və qlobal həmrəyliyin ünvanı

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu paytaxtımızın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Bakı Prosesi çərçivəsində təşkil edilən Forum müxtəlif ölkələrin nümayəndələrini, beynəlxalq təşkilatları, ekspertləri və mədəniyyət xadimlərini bir araya gətirir.
Yenixeberorg.az: Oktyabrın 27–29-da keçirilən tədbir mədəniyyətlərarası anlaşmanın möhkəmləndirilməsi, mədəni müxtəlifliyin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma hesab edilir.
Bakı yalnız regionun deyil, bütövlükdə dünyanın diqqət mərkəzində olan şəhər kimi özünü təsdiq edib. Keçirilən beynəlxalq forumlar, konfranslar, sammitlər və digər nüfuzlu tədbirlər Azərbaycanın dünya birliyi ilə əlaqələrinin genişlənməsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və qlobal məsələlərin müzakirəsinə mühüm imkanlar yaradır. Forumun Bakıda keçirilməsinə gəldikdə, bu, Azərbaycanın qlobal problemlərin müzakirəsində dialoqa verdiyi önəmi göstərir.
Müasir dünyada münaqişələrin, dini və etnik zəmində qarşıdurmaların, ayrı-seçkiliyin və dözümsüzlüyün mövcud olduğu bir şəraitdə müxtəlif cəmiyyətlərin nümayəndələrinin ortaq platformada bir araya gəlməsi xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlər qarşılıqlı etimadın gücləndirilməsi, fərqli baxışların anlaşılması və ümumi dəyərlər ətrafında əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin də Forumunun açılış mərasimində qeyd etdiyi kimi, Forumda 100 ölkədən 500 xarici qonaq iştirak edir. Bu da Forumun son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv platformaya çevrildiyini təsdiq edib. Və bu da Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığının təsdiqidir.
"Əslində, forumda qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq. 2011-ci ildə bizim təşəbbüsümüzlə ilk dəfə belə bir forum təşkil olundu. Mən BMT-yə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkürümü bildirirəm", - dövlət başçısı bildirib.
Dünyada dialoq və həmrəyliyin ünvanı
Münaqişələrin, dini və etnik zəmində ayrı-seçkiliyin, cəmiyyətlər arasında etimadsızlığın artdığı bir dövrdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da yüksəlir. Müxtəlif xalqların bir-birini anlaması, fərqli dünyagörüşlərinə hörmətlə yanaşması və ortaq problemlərin həlli istiqamətində əməkdaşlıq etməsi beynəlxalq sabitliyin əsas şərtlərindən biridir. Belə bir şəraitdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesi çərçivəsində formalaşan bu platforma Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa verdiyi töhfənin mühüm göstəricisidir.
2011-ci ildən etibarən keçirilən forumlar müxtəlif ölkələrin siyasi rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini, dini liderləri, alimləri, mədəniyyət xadimlərini və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək qarşılıqlı fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.
VII Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın mədəniyyətlərarası münasibətlərə yanaşmasının və ölkəmizin beynəlxalq proseslərdəki mövqeyinin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır: "Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar".
Dövlət başçısı Azərbaycanın tarixən multikultural ölkə olduğunu, Avropa ilə Asiyanın qovşağında yerləşərək əsrlər boyu iki qitə arasında mədəni körpü rolunu oynadığını qeyd edib. Və bu fikir Azərbaycanın coğrafi mövqeyinin yaratdığı imkanlarla yanaşı, xalqımızın tarixən formalaşmış birgəyaşayış ənənələrinin də beynəlxalq əhəmiyyətini ifadə edir.
Müxtəlif xalqların, etnik qrupların, dinlərin və mədəniyyətlərin qarşılıqlı əlaqədə olduğu coğrafiya
Azərbaycan tarixən müxtəlif xalqların, etnik qrupların, dinlərin və mədəniyyətlərin qarşılıqlı əlaqədə olduğu, birgəyaşayış ənənələrinin formalaşdığı coğrafiya kimi tanınıb və dövlət başçısı da bunu xüsusi vurğulayıb. "Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Hamınız bilirsiniz ki, biz fərqli sistemlərdə yaşamışıq. Bununla belə, yaşadığımız həmin sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik. Bu gün qonaqların Bakıda və Azərbaycanın digər yerlərində öz gözləri ilə gördükləri işlər, əsasən, müstəqillik illərində icra edilmişdir", - Prezident çıxışında bildirib.
Bu torpaqların zəngin tarixi yalnız dövlətçilik ənənələri, siyasi hadisələr və mədəni nailiyyətlərlə deyil, həm də fərqli kimliklərin vahid ictimai mühitdə dinc yanaşı yaşamaq təcrübəsi ilə səciyyələnir. Müasir Azərbaycanın multikulturalizm modeli də məhz bu tarixi təcrübənin, milli-mənəvi dəyərlərin və dövlət siyasətinin qarşılıqlı vəhdəti fonunda daha aydın görünür. Qafqaz Albaniyası da buna əyani misaldır.
Azərbaycanın unikallığı həm də ondadır ki, bura tarixən müxtəlif dillərin, inancların, mədəni ənənələrin qarşılıqlı təsir göstərdiyi tarixi məkan kimi tanınıb. Prezident İlham Əliyev də Forumda çıxışında qeyd edib ki, Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub.
Qafqaz Albaniyasının xristianlıq tarixi, alban irsi ilə bağlı dini abidələr, qədim məbədlər və müxtəlif tarixi dövrlərə aid mədəniyyət nümunələri Azərbaycanın çoxqatlı keçmişini əks etdirir. Digər tərəfdən, ölkənin müxtəlif bölgələrində yaşayan etnik icmaların özünəməxsus adət-ənənələri, folkloru, dili və həyat tərzi ümummilli mədəniyyətin zənginləşməsinə töhfə verib. Bu tarixi mənzərə göstərir ki, Azərbaycanın mədəni kimliyini yalnız bir dövrün və ya bir ənənənin çərçivəsində izah etmək mümkün deyil.
Azərbaycanın qədim tarixində mühüm yer tutan Qafqaz Albaniyası müxtəlif tayfaların, dillərin, inancların və mədəni ənənələrin qarşılıqlı təsir göstərdiyi tarixi məkan olub. Bu dövlətin tarixi irsi bölgədə dini və mədəni müxtəlifliyin uzunmüddətli mövcudluğunu öyrənmək baxımından əhəmiyyətlidir.
Azərbaycan ərazisində yaşayan bütün xalqlar, etnik qruplar buranı özlərinə doğma bilib və onun inkişafında, torpaqlarının qorunmasında canlarını fəda ediblər. Forumdakı çıxışında bunu da xüsusi vurğulayan İlham Əliyevin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən II Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu: "Azərbaycan xalqı tarixən müxtəlif fərqli sistemlərdə yaşasa da, heç bir sistem bizim milli hisslərimizi, gücümüzü üstələyə bilmədi. Və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra öz taleyimizin sahibinə çevrildi".
Beləliklə, Azərbaycan, yuxarıda qeyd etdiyimiz kimi, dünya miqyaslı mühüm bir tədbirə ev sahibliyi edir. VII Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərir ki, müasir dünyada sülhün, qarşılıqlı etimadın və davamlı inkişafın təmin olunması üçün mədəniyyətlərarası dialoqun alternativi yoxdur. Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu beynəlxalq platforma mədəni müxtəlifliyin qarşıdurma mənbəyi deyil, bəşəriyyətin ortaq sərvəti olduğunu ön plana çıxarır.
Ölkəmizin multikulturalizm və dinlərarası əməkdaşlıq istiqamətində həyata keçirdiyi təşəbbüslər müxtəlif xalqların və dini icmaların birgəyaşayış təcrübəsinin beynəlxalq müstəvidə müzakirəsinə imkan yaradır. Bakı Forumu həmçinin fərqli mövqelərə malik tərəflərin ortaq məxrəcə gəlməsi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və qlobal həmrəyliyin təşviqi baxımından mühüm platforma rolunu oynayır və bu xətt də davam edəcək.(Report)








AZ
RU