Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Seçkidə qəsəbə, sənəddə örüş sahəsi: Qazanbulaq sakinləri niyə öz yaşayış yerlərini sübut etməlidirlər?- FOTOLAR

Goranboy rayonunun Qazanbulaq qəsəbəsinin sakinləri redaksiyamıza ünvanladıqları müraciətdə uzun illərdir üzləşdikləri problemin artıq dözülməz həddə çatdığını bildirirlər.

Yenixeerorg.com: Onların iddiasına görə, rayonun inzibati ərazisinə daxil olan, daimi əhalinin yaşadığı, seçki məntəqəsi fəaliyyət göstərən və dövlət qurumlarının rəsmi tədbirlər keçirdiyi qəsəbə faktiki olaraq örüş sahəsi kimi qiymətləndirilir. Sakinlər hesab edirlər ki, bu yanaşma onların elementar hüquqlarını məhdudlaşdırır.

Müraciətdə bildirilir ki, Qazanbulaq qəsəbəsi müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlətçiliyi uğrunda mübarizədə şəhidlər vermiş, qazilər yetişdirmiş yaşayış məntəqəsidir. Bu qəsəbədə illərdir insanlar yaşayır, ailələr məskunlaşıb, uşaqlar böyüyür. Belə olan halda, sakinlər haqlı olaraq sual edirlər: insanların yaşadığı bir qəsəbə hansı əsasla örüş sahəsi kimi təqdim oluna bilər?

Sakinlərin sözlərinə görə, ən ciddi problemlərdən biri də yaşayış evləri ilə bağlı təsdiqedici sənədlərin verilməməsidir. İddia olunur ki, Goranboy Rayon İcra Hakimiyyəti kommunal xidmətlərə qoşulmaq və digər hüquqi prosedurları həyata keçirmək üçün tələb olunan arayış və təsdiqedici sənədləri təqdim etmir. Nəticədə insanlar öz evlərinin mövcudluğunu müxtəlif dövlət qurumları qarşısında sübut etmək məcburiyyətində qalırlar.

Müraciətdə diqqət çəkilən digər məqam isə ondan ibarətdir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev müxtəlif vaxtlarda Qazanbulaq qəsəbəsində səyyar vətəndaş qəbulları keçirib, sakinlərin problemlərini dinləyib. Əgər dövlət rəsmiləri həmin yaşayış məntəqəsində qəbul keçirir, vətəndaşlarla görüşürlərsə, bəs necə olur ki, eyni ərazi digər məsələlərdə örüş sahəsi kimi qiymətləndirilir?

Qəsəbə sakinləri onu da vurğulayırlar ki, Qazanbulaqda seçki dairəsi və seçki məntəqəsi fəaliyyət göstərir, əhali hər seçkidə səsvermədə iştirak edir və dövlətin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu faktın özü də həmin ərazidə daimi yaşayışın mövcud olduğunu göstərən mühüm göstəricilərdən biridir.

Sakinlər hesab edirlər ki, insanların yaşadığı ərazinin örüş sahəsi kimi təqdim olunması təkcə hüquqi deyil, həm də mənəvi baxımdan qəbuledilməzdir. Onların fikrincə, bu yanaşma həmin qəsəbədə yaşayan insanların ləyaqətinə toxunur və onları illərdir formalaşmış yaşayış hüququndan məhrum edir.

Qazanbulaq sakinləri aidiyyəti dövlət qurumlarından məsələnin obyektiv araşdırılmasını, qəsəbənin hüquqi statusuna aydınlıq gətirilməsini, yaşayış evlərinin sənədləşdirilməsi üçün zəruri arayışların verilməsini və vətəndaşların kommunal xidmətlərdən maneəsiz istifadə etməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

Ümid edilir ki, məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti də səsləndirilən iddialara münasibət bildirəcək və yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində konkret addımlar atılacaq. Çünki insanların yaşadığı bir qəsəbənin hüquqi statusu ilə bağlı yaranan suallar cavabsız qalmamalıdır.

Gundemxeber.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam