Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Kreml dəhşətli fəlakət ssenarisini artıq anons etdi:Rusiyanın nəhəng şəhərləri yox olacaq, əhali tezliklə köçürüləcək

Dünya dövlətləri artıq yalnız müharibənin qarşısını almaq mexanizmləri deyil, həm də mümkün böyük qlobal fəlakətlərdən əhalini qorumaq ssenariləri üzərində düşünməyə məcbur qalıblar... Və ən əsası isə qlobal münasibətlər sistemində baş verən ciddi dəyişikliklər yaxınlaşan təhlükənin hətta nüvə savaşına qədər inkişaf edə biləcəyini belə, qabarıq şəkildə biruzə verir...

Yenixeberorg.az: Dünyada hərbi-siyasi gərginlik artmaqda, böyük dövlətlər arasında qarşıdurma dərinləşməkdə davam edir. Belə vəziyyətdə nüvə müharibəsi ehtimalı yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bəzi ölkələrdə yerli əhalinin mümkün fövqəladə vəziyyətlərə hazırlanması istiqamətində addımlar atılır. Ərzaq və zəruri ehtiyatların toplanmasına yönəlik çağırışlar edilir. Və bu, qlobal təhlükəsizlik mühitinin nə qədər həssas vəziyyətə gəldiyini göstərir.

Məsələ ondadır ki, son məlumatlara görə, dünyanın 33 ölkəsində əhaliyə mümkün hərbi böhran və fövqəladə hadisələr zamanı ən azı 10 gün ərzində özünü təmin edə bilməsi üçün ərzaq, içməli su, dərman preparatları və digər gündəlik tələbat vasitələri ehtiyatının yaradılması tövsiyə olunub. Bu çağırışların arxasında dayanan əsas məntiq ondan ibarətdir ki, genişmiqyaslı hərbi münaqişə, enerji böhranı, təbii fəlakət və ya digər fövqəladə hadisələr zamanı dövlət xidmətlərinin, eləcə də təchizat zəncirlərinin fəaliyyəti müvəqqəti olaraq pozula bilər.

Təbii ki, belə həyəcanlı hazırlıq çağırışları ictimaiyyət arasında haqlı olaraq, kifayət qədər ciddi suallar doğurur. Görəsən, ayrı-ayrı dövlətlər həqiqətən qlobal miqyaslı təhlükənin yaxınlaşması barədə hansısa xüsusi məlumatlara malikdirlərmi? Yoxsa bu çağırışlar son illərdə müşahidə olunan geopolitik qeyri-sabitliyin, müharibələrin, kiberhücumların və təchizat problemlərinin doğurduğu risklərə qarşı qabaqlayıcı addımlardır?

Əslində, əhalinin 10 günlük ehtiyat yaratmağa çağırılması özlüyündə yaxınlaşan yeni dünya müharibəsinin birmənalı təsdiqi sayıla bilməz. Yəni, bu, hələlik daha çox dünya dövlətlərinin fövqəladə hallara hazırlıq strategiyasının tərkib hissəsi kimi görünür. Ancaq istənilən halda, belə tövsiyələrin müxtəlif ölkələrdə aktuallaşması beynəlxalq təhlükəsizlik mühitində ciddi narahatlığın mövcud olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlara paralel olaraq, Rusiyada çoxmilyonluq şəhərlərin boşaldılması kimi daha radikal ssenarilər gündəmə gətirilir. Belə ki, qlobal təhlükəsizlik müzakirələri ilə eyni vaxtda Rusiyada gündəmə gətirilən son təklif vəziyyətin daha dramatik müstəviyə keçdiyini göstərir. “Rus dünyası” ideologiyasının əsas təbliğatçılarından biri olan Aleksandr Duqin Rusiya vətəndaşlarının, nüvə müharibəsi təhlükəsini nəzərə almaqla, ölkənin iri şəhərlərdən kənd və qəsəbələrə köçürülməsini təklif edib.

Kremlin əsas ideoloqu Aleksandr Duqinin fikrincə, Rusiya və Qərb ölkələri arasında dağıdıcı müharibə ehtimalı, demək olar ki, qaçılmazdır. O, əmindir ki, belə bir hərbi qarşıdurmanın nüvə savaşı mərhələsinə keçmə ehtimalı da kifayət qədər realdır. Kremlin ideoloqu hesab edir ki, Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi iri şəhərlər sənaye, iqtisadiyyat, nəqliyyat və idarəetmə infrastrukturlarının cəmləşdiyi məkanlar olduğundan, mümkün nüvə zərbələri zamanı əsas hədəflərə çevrilə bilərlər.

Ona görə də, "rus filosof" belə iri şəhərlərin təcili və kütləvi şəkildə boşaldılmasını, əhalinin kənd yerlərində məskunlaşdırılmasını zəruri hesab edir. Onun fikirləri arasında hətta çoxmərtəbəli binaların gələcəkdə kənd təsərrüfatı fermalarına çevrilməsi kimi qeyri-adi təkliflər də yer alıb. Aleksandr Duqin “nə Moskva, nə Sankt-Peterburq, nə də Yekaterinburq qalacaq, insanlar torpağa qayıdıb, sakit yaşayacaqlar” deyə vurğulayıb. Bu yanaşma tərzi Rusiyada nüvə müharibəsi ssenarisinin bəzi ideoloji dairələrdə nə qədər ciddi şəkildə müzakirə olunduğunu göstərir.

Təbii ki, Aleksandr Duqinin açıqlamalarında əsas diqqət çəkən məqam yalnız onun nüvə müharibəsi ehtimalını qabartması deyil. Burada Rusiyanın özünün iqtisadi, sənaye və demoqrafik modelinə münasibətdə də ciddi ziddiyyətlər üzə çıxır. Çünki Kreml uzun illər ərzində Rusiyanin iqtisadi və siyasi gücünü məhz iri şəhərlərdə, sənaye mərkəzlərində və nəhəng infrastruktur sistemlərində cəmləşdirib. İndi isə həmin şəhərlərin mümkün nüvə müharibəsi şəraitində ən böyük təhlükə mənbəyinə çevrilə biləcəyi iddia olunur.

Əslində, onmilyonlarla insanın qısa müddətdə şəhərlərdən kəndlərə köçürülməsi real həyatda son dərəcə mürəkkəb, hətta praktiki baxımdan, mümkünsüz görünən prosesdir. Bunun üçün yaşayış infrastrukturu, ərzaq təminatı, səhiyyə, nəqliyyat, enerji və məşğulluq məsələlərinin əvvəlcədən həll edilməsi lazımdır. Və üstəlik, kənd yaşayış məskənlərinin belə genişmiqyaslı əhali axınını qəbul etmək imkanları da ciddi suallar doğurur.

Digər tərəfdən, nüvə müharibəsinin nəticələrini yalnız iri şəhərlərin boşaldılması ilə aradan qaldırmaq da mümkün deyil. Çünki radioaktiv çirklənmə, elektrik və rabitə sistemlərinin sıradan çıxması, yanacaq və ərzaq təchizatının pozulması, səhiyyə infrastrukturunun iflic olması və genişmiqyaslı ekoloji fəsadlar şəhər-kənd fərqindən asılı olmayaraq, bütün ölkə üçün real təhlükə yarada bilər.

Təbii ki, mövcud qlobal situasiyanın ən narahatedici tərəfi ayrı-ayrı ölkələrdə fövqəladə hallara hazırlıq tədbirlərinin güclənməsi ilə nüvə müharibəsi ritorikasının eyni vaxtda aktuallaşmasıdır. Belə ki, bir tərəfdən, dövlətlər öz vətəndaşlarına bir neçə günlük ərzaq və zəruri ehtiyat toplamağı tövsiyə edir. Digər tərəfdən isə nüvə qarşıdurmasının mümkünlüyü barədə daha sərt və radikal xəbərdarlıq mesajları verilir.

Bütün bunlar qlobal təhlükəsizlik arxitekturasının hazırda ciddi sınaq qarşısında olduğunu göstərir. Rusiya-Qərb qarşıdurması, regional müharibələr, böyük güclər arasında strateji rəqabət və nüvə silahlarından istifadə ilə bağlı xəbərdarlıq mesajlarının sərtləşməsi qlobal məkanda narahatlığı artıran əsas amillərin sırasına daxildir. Çünki savaşa hazırlıq çağırışları yaxınlaşan təhlükənin mümkün nəticələrinin gözlənildiyindən daha ağır ola biləcəyini ifadə edir.

Belə anlaşılır ki, dünya dövlətləri artıq yalnız müharibənin qarşısını almaq mexanizmləri üzərində deyil, həm də mümkün böyük fəlakətlərin nəticələrindən əhalini qorumaq ssenariləri üzərində düşünməyə məcbur qalıblar. Bu isə qlobal münasibətlər sistemində artıq narahatedici dəyişikliklərin baş verməkdə olduğunu göstərən çox ciddi faktordur. Və ən əsası isə bu faktor yaxınlaşan təhlükənin hətta nüvə savaşına qədər inkişaf edə biləcəyini belə, qabarıq şəkildə biruzə verir.("Musavat")

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam