Vüsal Şilderin qətli ilə bağlı məhkəmədə 13 il əvvəl hadisəyə şahid olan şəxs ifadə verib

Bakıda 13 il əvvəl qətlə yetirilən Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Əlizadənin məhkəmə prosesində şahid ifadə verib.
Yenixeberorg.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriliən şəxsə əvvəlcə ifadə vermək təklif edilib.
Xəyal Əlizadə isə şahidlərin dindirilməsindən sonra ifadə verəcəyini bildirib.
Prosesdə şahid qismində dindirilən Pəri Qasımova deyib ki, hadisə olan günü həmin yerə yaxın olan qarajda olub:
"Yoldaşım qarajda səliqə-səhman yaradırdı. Mən də əyləşmişdim. Gördüm iki nəfər dalaşır. Mən qışqıraraq yanımdakılara dedim ki, aralayın birdən nəsə olar. Sonra oğlanı bıçaqla vurduğunu gördük, vurandan sonra əlinin qanını silə-silə yanımızdan keçib getdi. Uşaq qışqırırdı ki, qoymayın ölüm. Oğlanı bir əli tutmuşdu, bir əli də vururdu. Hadisə yerində başqa adam görmədim".
Şahid deyib ki, hadisədən sonra məhkəmədə ifadə verib:
"O zaman məhkəmədə ifadə verərkən tutulan şəxsin oğlanı vuran adam olmadığını dedim. Mənə zarafata dedilər ki, həbsdə kökəlib, dəyişilib".
Növbəti iclas noyabrın 24-nə təyin olunub.
Qeyd edək ki, Şilder Vüsal Adolf 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində qətlə yetirilib.
Rəsmi məlumata görə, faktla bağlı Elman Seyidağa oğlu İsgəndərov Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Seymur Teymur oğlu Talıbov isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirli bilinib.
Müvafiq məhkəmə hökmləri ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Həmçinin Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əlizadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.
Xəyal Əlizadə Azərbaycanın hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əlizadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib.
Ötən müddət ərzində Xəyal Əlizadənin ekstradisiyası ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əlizadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz"in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.








AZ
RU