Trampın qorxunc “Avropa yox olacaq” xəbərdarlığı:ABŞ “qoca qitə” ilə yanaşı, NATO-nun da “qələm”ini qırıb
Hazırda “qoca qitə”nin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın hərbi imkanlarının qısa müddətdə və tam şəkildə əvəzlənməsinin mümkünlüyü qətiyyən inandırıcı görünmür... Ona görə də, Avropa ölkələri indi həm öz müdafiə potensiallarını artırmaq, həm də ABŞ ilə hərbi-siyasi əməkdaşlığın qorunmasına nail olmaq məcburiyyətində qalıblar...
Yenixeberorg.az: ABŞ və Avropa ölkələri arasında hərbi-siyasi müttəfiqlik dövrü artıq sona çatıb. Üstəlik, hazırda bu iki nəhəng qlobal siyasi iradə mərkəsi arasında kəskin ziddiyyətlərin və amansız qarşıdurmanın olduğu yeni mərhələninin başlandığı müşahidə edilir. Və bu baxımdan, yaxın gələcəkdə ABŞ-Avropa qarşıdurmasının açıq müstəviyə keçərək, “qlobal nüfuz savaşı”na çevrilə biləcəyi də artıq qətiyyən istisna olunmur.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp son vaxtlar Avropa ölkələrinin üzərinə daha kəskin məzmunlu ittihamlarla hücuma keçməyə başlayıb. Belə ki, Ağ Ev sahibi Avropa ölkələrinin miqrasiya siyasətini sərt şəkildə tənqid edir. Eyni zamanda onun ABŞ-ın NATO çərçivəsindəki öhdəliklərini yenidən nəzərdən keçirə biləcəyinə yönəlik açıq təhdidləri transatlantik münasibətlərdə də gərginliyi artırır.
Belə anlaşılır ki, ABŞ və Avropa ölkələri arasındakı mövcud fikir ayrılıqları artıq yalnız müdafiə xərcləri ilə bağlı mübahisələrlə də məhdudlaşmır. Çünki indi Avropa Birliyinin miqrasiya siyasəti, “qoca qitə” ölkələrinin sərhəd təhlükəsizliyi, eləcə də, onların İranla bağlı hərbi-siyasi mövqeyi və qlobal təhlükəsizlik məsuliyyətinin bölüşdürülməsinə yönəlik ziddiyyətlər də qarşıduran tərəflər arasında ciddi mübahisə mövzularına çevrilməyə başlayıb. Prezident Donald Trampın əsas mesajları ondan ibarətdir ki, Avropa ölkələri öz daxili problemlərini həll etməli, sərhəd nəzarətini gücləndirməli və müdafiə sahəsində ABŞ-dan asılılığı azaltmalıdırlar.
Bununla belə, Ağ Evin bu tələbləri Avropa məkanında təhlükəsizlik siyasətinə təsir göstərməklə yanaşı, həm də kollektiv Qərbin gələcəyi ilə bağlı olduqca ciddi suallar da doğurur. Belə ki, Ağ Ev sahibi Donald Tramp Fransa prezidenti Emmanuel Makrona indiki miqrasiya siyasətinin mümkün neqativ nəticələri barədə dəfələrlə xəbərdarlıq etdiyini, Almaniya və Böyük Britaniya rəhbərlərinə də oxşar mövqeyini çatdırdığını bildirib. ABŞ lideri hesab edir ki, Avropa hökumətləri qanunsuz miqrasiyaya qarşı daha sərt tədbirlər görməli, sərhədlərin mühafizəsini gücləndirməli və cinayət törətmiş xarici ölkə vətəndaşlarına deportasiya mexanizmlərini tətbiq etməlidirlər.
Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp Fransadakı kütləvi etiraz dalğasını şərh edərkən, bu ölkədə baş verənləri adi sosial-iqtisadi narazılıqlar deyil, daha genişmiqyaslı siyasi sarsıntılar kimi təqdim edib. Onun fikrincə, Avropa məkanında mövcud siyasi kurs dəyişməzsə, “qoca qitə” ölkələri ciddi problemlərlə üzləşəcəklər. Eyni zamanda, ABŞ prezidentinin bu yanaşması, Ağ Evin miqrasiya və təhlükəsizlik məsələlərini birbaşa Avropanın siyasi gələcəyi ilə əlaqələndirdiyini də göstərir.
Halbuki, Fransadakı sosial narazılıqları yalnız miqrasiya problemləri ilə izah etmək düzgün olmazdı. Çünki Fransada təhsil sahəsindəki problemlər, yaşayış xərclərinin artması, yanacağın bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi də kütləvi etiraz dalğasının daha da genişlənməsinə birbaşa təsir göstərən önəmli amillərdir. Və bu baxımdan, yalnız Fransanın deyil, digər Avropa ölkələrinin də qarşısında həm sərhəd təhlükəsizliyini təmin etmək, həm də sosial-iqtisadi problemləri həll etmək kimi önəmli vəzifələrin dayandığı qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın sərt ittihamları isə Avropa ölkələrində daxili siyasi qüvvələr arasında qütbləşməni daha da gücləndirə bilər. Eyni zamanda, Ağ Ev sahibinin sona davranışlarının ABŞ-ın Avropa ölkələrinin daxili siyasi qərarlarına kənardan təsir göstərmək cəhdi kimi qəbul oluna biləcəyi də qətiyyən istisna deyil. Bütün bunlarla yanaşı, ABŞ-Avropa münasibətlərində daha ciddi strateji problem NATO-nun gələcəyi ilə bağlıdır. Belə ki, Ağ Ev sahibi Donald Tramp İran məsələsi ilə bağlı bu hərbi-siyasi alyansın mövqeyini sınağa çəkdiyini bildirib. O, hətta avropalılar bu məsələdə düzgün qərar verməsələr, ABŞ-ın Avropadan çıxmaq məcburiyyətində qala biləcəyini də açıq mətnlə dilə gətirib.
Məsələ ondadır ki, Ağ Evin narazılığının əsas səbəbi bəzi müttəfiq Avropa dövlətlərinin ABŞ-ın İrana qarşı hücum əməliyyatları zamanı öz hərbi bazalarından istifadəyə icazə verməməsi ilə bağlıdır. Çünki Tramp administrasiyası onların belə mövqe tutmasını müttəfiqlik münasibətlərinə zidd yanaşma hesab edir. Halbuki, Avropa ölkələri isə İrana qarşı hərbi əməliyyatlarda iştirakla bağlı qərarların milli maraqlar, beynəlxalq hüquq və mümkün regional nəticələr də nəzərə alınmaqla, verilməli olduğunu qabardırlar.
Ona görə də, qarşıduran tərəflər arasındakı kəskin ziddiyyətlərin əsl mahiyyəti də elə məhz burada üzə çıxır. Belə ki, Ağ Ev Avropa ölkələrindən daha çox müdafiə xərcləri və ABŞ-ın təhlükəsizlik prioritetlərinə daha fəal dəstək verilməsini gözləyir. Ancaq Avropa dövlətləri isə NATO-nun kollektiv müdafiə mexanizmini qorumaqla yanaşı, həm də müstəqil xarici siyasət yürütmək hüquqlarını birmənalı şəkildə saxlamağa çalışırlar. Bu yanaşma tərzi ilə bağlı ciddi fərqlər daha da dərinləşərsə, onda alyans daxilində siyasi etimad da zəifləyə bilər.Halbuki, NATO-nun əsas gücü yalnız hərbi imkanlardan deyil, həm də üzv dövlətlərin ortaq təhdidlərə qarşı birgə hərəkət etmək iradəsindən də asılıdır.
Təbii ki, Ağ Evin Avropada ABŞ qoşunlarının say tərkibini azaltması “qoca qitə” ölkələrini ciddi seçim qarşısında qoyur. Belə ki, Tramp administrasiyası artıq ABŞ-ın Avropadakı hərbi resurslarını dünyanın digər regionlarına yönəltməyə başlayıb. Son məlumatlara görə, ABŞ Almaniyadan 5 min hərbçini çıxarıb. Üstəlik, Ağ Ev Avropadakı təxminən 80 minlik hərbi kontingentin 25-40 min nəfər arasında azaldılmasını nəzərdə tutan planı müzakirə edir. Belə bir planın reallaşması isə Avropa məkanının təhlükəsizlik arxitekturasına ciddi şəkildə neqativ təsir göstərə bilər.
Onu da nəzərə almaq lazımdır ki, ABŞ uzun illərdən bəri NATO-nun hərbi çəkindiricilik imkanlarının əsas dayaqlarından biri olub. Kəşfiyyat, strateji nəqliyyat, logistika, hava hücumundan müdafiə və nüvə çəkindirməsi sahələrində ABŞ-ın potensialı Avropa məkanının təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. İndi ABŞ-ın öz hərbi resurslarını Yaxın Şərq və Hind-Sakit okean regionlarına yönəltmək istəyi isə daha genişmiqyaslı strateji hesablamalarla bağlıdır. Bu baxımdan, Avropadakı hərbi kontingentin azaldılması həm müttəfiqlərə ciddi təzyiq vasitəsi, həm də ABŞ-ın qlobal prioritetlərinin tədricən dəyişməsinin real göstəricisi kimi qəbul olunur.
Ona görə də, hazırda Avropa ölkələri üçün əsas məsələ müdafiə sahəsində müstəqilliyi gücləndirməklə yanaşı, təhlükəsizlik boşluğunun yaranmasının qarşısını almaqdır. Bunun üçün müdafiə büdcələrinin artırılmasına paralel olaraq, hərbi sənayenin inkişafı, silah sistemlərinin uyğunlaşdırılması və birgə müdafiə planlaşdırmasının gücləndirilməsi tələb olunur. Ancaq Avropa ölkələrinin təhlükəsizlik prioritetləri və siyasi mövqeləri arasındakı ciddi fərqlər bu prosesi də qəlizləşdirməyə başlayıb.
Digər tərəfdən, ABŞ-Avropa qarşıdurmasının dərinləşməsi kollektiv Qərbin qlobal sistemdəki mövqelərinə də birbaşa təsir edə bilər. Əslində, Ağ Evin müttəfiq ölkələrdən daha çox hərbi məsuliyyət tələb etməsi müəyyən mənada, Avropa dövlətlərinin müdafiə qabiliyyətinin güclənməsinə təkan verir. Ancaq bununla yanaşı, ABŞ-ın sərt təzyiq siyasəti qarşıduran tərəflər arasında etimadı daha da zəiflədərək, ənənəvi ortaq təhlükəsizlik maraqlarına zərər vurmaq riski də yaradır.
Bu baxımdan, indi Avropa ölkələri üçün strateji muxtariyyət artıq yalnız siyasi müzakirə mövzusu deyil, həm də mümkün təhlükəsizlik ssenarilərinə əvvəlcədən hazırlığın tərkib hissəsidir. Halbuki, “qoca qitə”nin təhlükəsizliyi üçün ABŞ-ın hərbi imkanlarını qısa müddətdə tam şəkildə əvəz etmək də mümkün görünmür. Ona görə də, Avropa ölkələri indi həm öz müdafiə potensialını artırmaq, həm də ABŞ ilə əməkdaşlığın qorunmasına nail olmaq məcburiyyətində qalıblar. Və Ağ Ev sahibi Donald Trampın “Əgər, ABŞ-ın dəstəyi olmasa, Avropa yox olacaq” məzmunlu açıqlamasından sonra bu, daha da aktual problemlərdən birinə çevrilməyə başlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert









AZ
RU