Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Putin-Zelenski “masa savaşı” artıq başlayıb:Rusiya Ukraynadan yeni ərazilər tələb edir

İndi əsas həlledici faktor məhz Rusiya və Ukraynanın hansı şərtlər daxilində kompromisə hazır ola biləcəyi ilə birbaşa bağlıdır... Əgər, baş tutarsa, Putin-Zelenski görüşünün savaşın dayandırılmasında real siyasi dönüş yarada bilib-bilməyəcəyi isə hələlik cavabı müəmmalı sualdır...

Yenixeberorg.az: Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində siyasi-diplomatik təmaslar yenidən intensivləşməyə başlayıb. Kreml Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlara hazır ola biləcəyinə dolayısı eyhamlar vurur. Rəsmi Kiyev isə iki ölkə liderinin Türkiyədə görüşməsini mümkün variantlardan biri kimi gündəmə gətirməyə çalışır. Bununla belə, qarşıduran tərəflərin ərazi mübahisələri və atəşkəsin şərtləri ilə bağlı fərqli mövqeləri sülh perspektivinin qarşısında ciddi əngəl olaraq qalır.

Onu da qeyd etmək lazımdır ki, Kremldən verilən bəzi açıqlamalar Rusiyanın mümkün siyasi-diplomatik təmaslara qapını tam bağlamadığını da göstərir. Belə ki, Kreml təmsilçisi Yuri Uşakov bildirib ki, prezident Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışarsa, ona cavab verilə bilər. Yuri Uşakovun sözlərinə görə, prezident Vladimir Putin heç vaxt görüşməkdən imtina etməyib və Ukrayna lideri müxtəlif kanallar vasitəsilə müvafiq mesajlar göndərir.

Təbii ki, bu açıqlama Kremlin siyasi-diplomatik təmaslar üzrə müəyyən çeviklik nümayiş etdirmək niyyəti ilə bağlı mesaj kimi də qiymətləndirilə bilər. Burada önəmli məqam ondan ibarətdir ki, liderlər arasında birbaşa dialoqun başlanması ilə müharibənin dayandırılması barədə razılaşmanın əldə edilməsi tamamilə fərqli siyasi mərhələlərdir. Belə ki, iki liderin telefon danışığı qarşıduran tərəflərin mövqelərini aydınlaşdırmağa və danışıqlar üçün zəmin yaratmağa imkan verə bilər. Ancaq ərazi iddiaları, təhlükəsizlik təminatları və gələcək siyasi münasibətlər kimi mürəkkəb məsələlərin həlli daha genişmiqyaslı razılaşmalar tələb edir.

Maraqlıdır ki, Rusiya və Ukrayna arasında mümkün siyasi dialoqun digər önəmli istiqaməti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar hesab olunur. Kreml sülh danışıqlarının ilkin mərhələsinin Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli formatda keçirilməsini daha məntiqli hesab etdiyini vurğulayır. Bu yanaşma siyasi-diplomatik prosesdə Ağ Evin rolunu daha ön plana çıxarır. Yəni, ABŞ-ın iştirakı qarşıduran tərəflər arasında razılaşma imkanlarının araşdırılması, mümkün kompromislərin müzakirəsi və sülh danışıqlarının təşkilində önəmli amilə çevrilə bilər.

Ancaq bununla yanaşı, Avropa nümayəndələrinin sülh prosesinə qatılma məsələsi də diqqət mərkəzində qalmaqda davam edir. Belə ki, Avropa dövlətləri Ukraynanın təhlükəsizliyi və müharibənin nəticələri baxımından, önəmli ortaq maraqlara malikdirlər. Ona görə də, onların danışıqlardakı rolunun məhdudlaşdırılması və ya prosesdən kənarda saxlanılması gələcək razılaşmaların siyasi və təhlükəsizlik baxımından, qəbulolunma məsələsini də gündəmə gətirə bilər. Bu baxımdan, iştirakçıların kimlərdən ibarət olacağı, hansı mövzuların müzakirə ediləcəyi və əldə ediləcək razılaşmaların icrasına hansı qlobal gücün təminat verəcəyi sülh prosesinin gələcəyinə birbaşa təsir göstərəcək.

Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə məhz Türkiyədə görüşməyə hazır olduğunu bildirib. O, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə əlaqələrinin olduğunu xatırladaraq, Türkiyədə keçiriləcək istənilən görüşü dəstəkləyə biləcəyini deyib. Prezident Volodimir Zelenskinin fikrincə, texniki səviyyədə aparılan danışıqlar bütün problemlərin həlli üçün kifayət etməyə bilər. Və ona görə də, əsas siyasi qərarları qəbul edən liderlərin birbaşa görüşməsi olduqca vacibdir.

Rəsmi Kiyev hesab edir ki, əgər, qarşı tərəflə görüşdən sonra iki ölkənin cəmiyyətləri konkret irəliləyiş görməsələr, onda diplomatiyanın nəticələri ilə bağlı mövcud suallar daha da artmağa başlayacaq. Ona görə də, indiki mərhələdə dövlət liderlərinin öz siyasi iradələrini ortaya qoyması olduqca vacibdir, çünki bu halda, problemin həll yollarının tapılma imkanları genişlənə bilər. Türkiyənin mümkün görüş üçün vasitəçi ölkə kimi təklif edilməsi isə rəsmi Ankaranın regional diplomatiyada oynaya biləcəyi rolu yenidən gündəmə gətirir. Çünki Türkiyə həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlər saxladığından, qarşıduran tərəflər arasında birbaşa siyasi dialoq üçün ən münasib platforma ola bilər. Halbuki, Türkiyənin bu görüşün təşkilində birbaşa rol oynaması üçün Rusiya və Ukraynanın format, gündəlik və danışıqların məqsədləri barədə razılığa gəlməsi də vacibdir.

Onu da nəzərə almaq lazımdır ki, siyasi-diplomatik təmasların mümkünlüyünə baxmayaraq, Rusiya və Ukrayna arasında ən mürəkkəb məsələlərdən biri də məhz ərazi mübahisələri ilə bağlıdır. Prezident Volodimir Zelenskinin dediyinə görə, Kreml ABŞ vasitəsilə rəsmi Kiyevdən Rusiya silahlı qüvvələrinin hələ ələ keçirə bilmədiyi ərazilərdən Ukrayna ordusunun geri çəkilməsini tələb edir. Ukrayna prezidenti isə Rusiyanın bu tələbini məntiqsiz və absurd hesab etdiyini bildirib. Çünki rəsmi Kiyev hazırda mövcud olan cəbhə xətti boyunca atəşkəsin təmin edilməsini dəstəkləyir. Və bununla yanaşı, rəsmi Kiyev indiyə qədər işğal olunmuş ölkə ərazilərini Rusiyanın ərazisi kimi tanımaq niyyətində olmadığını da bəyan edir.

Təbii ki, rəsmi Kiyevin bu prinsipial mövqeyi həm də iki önəmli məqamı da ortaya çıxarır. Birincisi, Ukrayna hərbi əməliyyatların dayandırılması ilə bağlı məsələni ərazilərin işğal statusunun hüquqi cəhətdən tanınmasından ayırmağa çalışır. İkincisi, atəşkəsin əldə edilməsi belə, ərazi mübahisəsinin həll olunduğu anlamına gəlməyəcək. Yəni, əgər, qarşıduran tərəflər mövcud cəbhə xətti boyunca atəşkəs barədə razılığa gəlsələr, bu, hərbi əməliyyatların intensivliyinin azalmasına imkan yarada bilər. Ancaq cəbhə xəttinin müvəqqəti olaraq, dondurulması ilə ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi arasında ciddi fərqlər mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, məhz bu önəmli fərqlər gələcək sülh danışıqlarının ən həssas istiqamətlərindən birinə çevrilə bilər. Çünki atəşkəsə razılıq vermək qarşıduran tərəflərdən heç birinin ərazi məsələsində digərinin mövqeyini qəbul etməsi anlamını daşıya bilməz. Ancaq bununla belə, Kremlin Putin-Zelenski telefon danışığının mümkünlüyünü təsdiqləməsi və rəsmi Kiyevin Türkiyədə görüşə hazır olduğunu bildirməsi siyasi diplomatik prosesin davam etdirilməsi üçün müəyyən imkanların hələ də qaldığını göstərir.

Göründüyü kimi, hazırkı siyasi-diplomatik mənzərədə Rusiya və Ukrayna arasında birbaşa təmasların mümkünlüyü diqqəti çəkir. Bununla belə, indi əsas həlledici faktor məhz Rusiya və Ukraynanın hansı şərtlər daxilində kompromisə hazır ola biləcəyi ilə birbaşa bağlıdır. Və bu baxımdan, əgər, baş tutarsa, Putin-Zelenski görüşünün Ukrayna savaşının dayandırılması istiqamətində real siyasi dönüş yarada bilib-bilməyəcəyi hazırda cavabı müəmmalı qalan sualların sırasına daxildir.(musavat)

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam