"Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.
Yenixeberorg.az: Məlumata görə, "Mahal MTK" ilə vətəndaşlar arasında bağlanmış müqavilələrə əsasən, mənzillər göstərilən müddətdə (24-36 ay ərzində) tikilib sahiblərinə təhvil verilməli idi və vətəndaşlar da buna uyğun olaraq bütün maliyyə öhdəliklərini yerinə yetiriblər. Lakin müqavilənin icra müddətinin bitməsinə baxmayaraq, hazırda binalar vaxtında təhvil verilmir, 11 aydan artıq gecikmələr qeydə alınır. Nəticədə bina istismara verilmədiyi üçün sakinlər mənzillərinin mülkiyyət sənədlərini (çıxarış) ala bilmirlər.
Bununla yanaşı, şirkət tərəfindən vətəndaşlara qarşı yeni və qanunsuz tələblər irəli sürülür. Belə ki, mənzilini satmaq istəyən sakinlərdən "Mahal MTK" rəhbərliyi hər kvadratmetr üçün 50 manat pul tələb edir. Binadakı ən kiçik mənzillərin sahəsinin təxminən 60 kvadratmetr olduğunu nəzərə alsaq, yalnız müqavilənin adının dəyişdirilməsi (başqa alıcının adına rəsmiləşdirilməsi) üçün sakinlərdən 3000 manat tələb olunur. Vətəndaşların sözlərinə görə, bu məbləğ hər hansı rəsmi bank hesabı vasitəsilə deyil, birbaşa əldən, heç bir qəbz verilmədən nəğd şəkildə rüşvət olaraq yığılır.
Məsələ ilə bağlı nizə danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, tikinti şirkətlərinin bu cür qanunsuz ödənişlər tələb etməsi və müqavilə dəyişikliklərinə əsassız əngəllər törətməsi tamamilə hüquqaziddir:
"Tikinti şirkətlərinin mənzil alqı-satqısı və ya müqavilə dəyişikliyi zamanı vətəndaşlardan əlavə vəsait — xüsusilə hər kvadratmetrə görə pul tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyə görə, bu cür ödənişlər rəsmi qaydada, bank vasitəsilə və yalnız müqavilədə nəzərdə tutulduğu hallarda tənzimlənə bilər. Əldən, qəbzsiz və nağd şəkildə tələb olunan hər hansı məbləğ birbaşa qanun pozuntusudur."
Onun sözlərinə görə, binaların vaxtında təhvil verilməməsi və vətəndaşların mülkiyyət hüquqlarının məhdudlaşdırılması da ciddi məsuliyyət yaradır:
"Vətəndaşlarla bağlanmış müqavilə şərtlərinə əməl olunmaması, tikintinin aylarla gecikdirilməsi və çıxarışların verilməməsi mülki hüquq pozuntusudur. Vətəndaşlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz pul tələb edən qurumlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır."("nocomment.az)
Əli Səfərli









AZ
RU