Rostovda neft bazası vuruldu –güclü yanğın başlayıb
Ukrayna ordusu Rusiyanın enerji infrastrukturuna və hərbi-logistik obyektlərinə növbəti zərbələr endirib. Rostov vilayətində yerləşən neft bazası hücuma məruz qalıb, müəssisənin ərazisində partlayışlardan sonra yanğın başlayıb.
Yenixeberorg.az: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri noyabrın 15-dən 16-na keçən gecə Rostov vilayətindəki hədəflərə zərbələr endirib. Əsas hədəf Azov şəhərində yerləşən “Fleş Enerji” MMC-yə məxsus neft bazası olub.
Ukrayna Baş Qərargahının məlumatına görə, hücumdan sonra müəssisənin ərazisində partlayışlar baş verib və yanğın qeydə alınıb. Obyektə dəymiş ziyanın miqyası hazırda dəqiqləşdirilir.
Bununla yanaşı, Ukrayna hərbçiləri Rusiyanın işğalı altında olan ərazilərdəki bir sıra hərbi obyektləri də hədəfə alıblar.
Belə ki, Donetsk vilayətinin Birinci Novoselovka və Osikovo yaşayış məntəqələri yaxınlığında Rusiya ordusunun bölmələrinə məxsus idarəetmə məntəqələrinə, Zaporojye vilayətinin Razdol ərazisində isə daha bir idarəetmə məntəqəsinə zərbələr endirilib.
Həmçinin Donetsk vilayətinin Rovnopol ərazisində Rusiya ordusunun maddi-texniki təminat anbarı, Berdyansk şəhərində isə silah və hərbi texnikanın cəmləşdiyi ərazi hücuma məruz qalıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, əməliyyatların əsas məqsədi Rusiya qoşunlarının logistika imkanlarını zəiflətmək, rabitə və idarəetmə sistemlərinin fəaliyyətini pozmaq, eləcə də bölmələr arasında koordinasiyanı çətinləşdirməkdir.









AZ
RU