ABŞ-nin Azərbaycana göndərəcəyi səfirin namizədliyi Senata təqdim olunub

ABŞ dövlət katibi Marko Rubionun baş müşaviri Aleksandr Aldenin Azərbaycana səfir vəzifəsinə namizədliyinin Senatda təsdiqlənməsi gündəmdədir.
Yenixeberorg.az: Senatorlar Aldenin namizədliyi ilə bağlı dinləmənin keçirilməsini nəzərdən keçiriblər. Nəşrin məlumatına görə, respublikaçılar Donald Trampın irəli sürdüyü namizədlərin təsdiqi prosesini sürətləndirmək üçün artan təzyiqlə üzləşirlər.
Aleksandr Aldenin ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi Donald Tramp tərəfindən irəli sürülüb. Onun bu vəzifəyə təyin olunması üçün Senatın təsdiqi tələb olunur.
Qeyd edək ki, Aleksandr Alden hazırda "GeoStrategy Initiative"də qeyri-rezident baş elmi işçi kimi fəaliyyət göstərir və eyni zamanda "Palantir Technologies" şirkətində baş müşavir vəzifəsində çalışaraq müttəfiq hökumətlər və özəl sektor tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Alden daha əvvəl ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışıb. O, Dövlət Departamentində münaqişə və sabitləşdirmə əməliyyatları üzrə müvəqqəti köməkçi katib kimi 2020-ci il ABŞ-nin Münaqişələrin Qarşısının Alınması və Sabitliyin Təşviqi Strategiyasına rəhbərlik edib.
Avropa məsələləri üzrə dövlət katibinin müavini vəzifəsində çalışdığı dövrdə ABŞ-Avropa İttifaqı münasibətlərinin gücləndirilməsi və Çinin regiondakı təsirinə qarşı əməkdaşlıq mexanizmlərinin qurulması istiqamətində fəaliyyət göstərib. Məhz onun dövründə 2020-ci ildə ABŞ-Aİ Çin Dialoqu yaradılıb.
Milli Təhlükəsizlik Şurasında yüksələn texnologiyalar üzrə baş direktor və müdafiə siyasəti direktoru kimi çalışan Alden kritik və yeni texnologiyalar üzrə idarələrarası komitənin yaradılmasına rəhbərlik edib. O, həmçinin ABŞ müdafiə strategiyası, nüvə siyasəti və raketdən müdafiə sənədlərinin hazırlanmasında iştirak edib.
Dövlət sektorundan kənarda isə Aleksandr Alden təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində müxtəlif analitik və rəhbər vəzifələrdə çalışıb. O, American Affairs nəşrində milli təhlükəsizlik redaktoru, Claremont İnstitutunda Linkoln təqaüdçüsü, eləcə də bir sıra strateji araşdırma və konsaltinq qurumlarında rəhbər vəzifələr tutub.
Aleksandr Alden ABŞ-nin Johns Hopkins Universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alıb, burada doktorantura tədqiqatları aparıb və beynəlxalq münasibətlər üzrə dərslər keçib. Bakalavr təhsilini isə Southern Illinois Universitetində siyasi elmlər və fəlsəfə ixtisasları üzrə tamamlayıb.(“Semafor”)









AZ
RU