ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi:Donbasdan çıx, NATO-ya üzv ol...

ABŞ ilk dəfə Ukraynaya Donbasdan qoşunlarını çıxarmaq müqabilində NATO-ya üzvlük məsələsini gündəmə gətirib. Kiyev hazırda tərəfdaşları ilə ölkənin təhlükəsizliyinin təmin edilməsi və bərpasını nəzərdə tutan kompleks paket üzərində müzakirələr aparır. Lakin hələlik konkret təklif yoxdur.
Yenixeberorg.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.
“Dəfələrlə demişəm ki, Ukrayna geri çəkilmir və torpaqlarını terrorçulara təhvil vermir. Amerikalılar belə bir sual qoydular: “Əgər Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxacaqmı?” Bu, ilk dəfə baş verdi”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev tərəfdaşları ilə vahid paket üzərində müzakirələr aparır. Bu paketə NATO və Avropa İttifaqı tərəfindən konkret təhlükəsizlik təminatları, o cümlədən güclü Ukrayna ordusuna dəstək, hərbçilərin və silahların müəyyən edilmiş sayı, eləcə də konkret müddət üçün maliyyə yardımı daxil ola bilər.
Bundan başqa, paket Ukraynanın bərpası ilə bağlı “Prosperity Plan”ı (Rifah Planı) da əhatə etməlidir. Bu plan çərçivəsində maliyyələşmənin dəqiq müəyyən edilmiş mənbələr hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Zelenski bildirib ki, belə bir təklif ABŞ və NATO-nun digər tərəfdaşları ilə razılaşdırılacağı təqdirdə, onu Ukrayna cəmiyyətinin müzakirəsinə çıxaracaq. Bununla belə, prezident vurğulayıb ki, bu cür qərarları təkbaşına qəbul edə bilməz.
“Əgər belə bir təklif olarsa, prezident kimi cəmiyyətlə açıq dialoqa başlayacağam və deyəcəyəm: Baxın, hazırda vəziyyətimiz belədir, bütün tərəfdaşlar bu məsələdə necə birləşiblər və hadisələrin gələcək inkişafını necə görürlər. Əlbəttə ki, işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınmasından söhbət getmir”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski NATO üzvlüyünü alyans ölkələrinin kollektiv məsuliyyət prinsipinə görə mühüm təhlükəsizlik təminatı hesab etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna əvvəllər Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə uyğun təminatların verilməsini istəyib. İndi isə Amerika tərəfi 4-cü və 5-ci maddələrin müddəalarını xatırladacaq təminatlardan danışır.
“Amerika tərəfinə sualım belədir: Əgər bizə NATO-ya bənzər bu təminatları versəniz, ABŞ hərbçiləri bizim torpaqlarımızda olacaqmı? Onların cavabı isə “Xeyr” oldu”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ müzakirə olunan təminatları ikitərəfli hesab edir və İsrail, eləcə də Yaxın Şərqin bəzi ölkələri ilə bağlanmış təhlükəsizlik sazişlərini nümunə göstərir.
Zelenski izah edib ki, bir sıra ərəb ölkələrində ABŞ hərbçiləri, aviasiyası, donanması və hərbi bazaları mövcuddur. İranın hücumları zamanı həmin obyektlər, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə qorunub.
Ukrayna Prezidentinin fikrincə, bu model müəyyən təhlükəsizlik təminatlarının praktikada necə işləyə biləcəyinə dair nümunələrdən biri sayıla bilər.
Bununla yanaşı, Zelenski Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarının konkret məzmununun və onların praktik icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.









AZ
RU