Jurnalistlərin evini satıb, Dubayda səltənət quran Əli Həsənovun " milyonları" -Talanın və rüşvətin Dubaydakı ünvanı
Yenixeberorg.az: Bu sətirlər jurnalist Sima Babayevanın FB səhifəsindəki statusunda yer alır...
Əli Həsənovun qızının Dubayda açdığı lüks bizneslə bağlı yayılan məlumatlar, istər-istəməz bir sıra suallar doğurur.
Dubayın gurultulu, şou-biznesin və milyarderlərin məskəni olan Jumeirah bölgəsində – “First Avenue Mall”da açılan yeni, dəbdəbəli mağazadan danışırlar. 1500 kvadratmetrlik nəhəng sahəni tutan, dizaynı ilə göz qamaşdıran bu qızıl-zinət və bahalı aksessuar dükanının vitrinlərindəki brend çantaların, dünyanın ən bahalı saatlarının və brilyantların ümumi dəyəri 3 milyon dolları aşır.
Pəncərədən görünən bu sərvət par-par yanır. Amma daha maraqlısı bu mağazanın sahibidir: Azərbaycan ictimaiyyətinə çox tanış olan keçmiş məmur Əli Həsənovun gənc qızı Safiyə Həsənova.
Özü Bakıda, kabinetlərdə oturub illərlə "vətənpərvərlikdən", "dövlətçilikdən" dəm vuran bir keçmiş məmurun övladı necə olur ki, Dubayın lap mərkəzində milyonluq imperiya qurur? Gənc bir qız bu qədər böyük sərmayəni, milyonluq malları hardan tapıb gətirib ora qoyub?
Cavab o qədər sadə və acınacaqlıdır ki, onu tapmaq üçün heç uzağa getmək lazımdır. Bu dəyirmanın suyu illərdir Azərbaycan xalqının cibindən, dövlət büdcəsindən, məmur özbaşınalığından oğurlanan pullarla gəlir.
Talanın və rüşvətin Dubaydakı ünvanı
Əli Həsənov illərlə Azərbaycanın ideologiya sahəsinə nəzarət edib. Ramiz Mehdiyevin komandasının əsas fiqurlarından biri kimi özünü hər zaman sistemin "sadiq əsgəri" kimi göstərib.
Amma bu sədaqətin arxasında nə dayanırdı?
Xalqın haqqını yemək, ölkənin sərvətlərini talamaq, vəzifə kürsüsünü şəxsi sərvət mənbəyinə çevirmək.
Yaddan çıxarmışıq məgər?
Jurnalistlərə, ziyalılara, cəmiyyətin həssas təbəqələrinə dövlət tərəfindən verilən evlərin necə bazar alverinə çevrildiyini unutmuşuqmu?
Haqqı olan insanların evlərini başqalarına satıb pul alan, mətbuatın başına oyun açan, jurnalistlərin haqqını cibinə yığan məhz bu adam deyildi?
Həmin o evlərin, satılan haqsız pul qazanclarının, dövlət büdcəsindən silinən milyonların hara getdiyi indi Dubayda, 1500 kvadratmetrlik mağazanın vitrinlərində özünü göstərir.
Xalqın haqqı olan hər bir qəpik bu gün Əli Həsənovun övladının biznesinə sərmayə qoyulub.
İnsan düşünür: görəsən, bu cür açıq-aşkar talançılıqla məşğul olanda bunların üzü qızarmırdı?
Heç olmasa indi, hər şey göz qabağında olanda, xalqın haqqını yeyib kənarda kef məclisi quranda,biznes quranda bir az olsun vicdan əzabı çəkirlərmi?
Xeyr. Çünki onlarda o üz yoxdur. Ömrü boyu xalqın cibinə girənlər, başqalarının haqqını kəsib özlərinə saraylar tikənlər üçün utanmaq hissi çoxdan itib.
Onlar düşünürlər ki, illərlə yığdıqları var-dövləti sərhəddən keçirib istədikləri yerdə - Dubayda, Avropada keflə yaşaya bilərlər. Xalqın ac qarnı, səsi, etirazı onları maraqlandırmır. Onlar üçün həyat – yalnız daha çox qoparmaq, daha çox talamaq və övladlarına haram pullardan ibarət səltənət qurmaqdan ibarət olub.
Amma unutmasınlar: tarix heç nəyi unutmur. Bu gün Dubayda açılan o 3 milyonluq mağaza sadəcə bir ticarət obyekti deyil; bu, illərlə Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığın, məmur özbaşınalığının və sərvət talanının canlı abidəsidir. Xalqın haqqını yeyib qurulan heç bir səltənət əbədi qalmır. O dəyirman bir gün öz suyunda boğacaq .









AZ
RU
