İqtisadiyyat və Humanitar Kollecindən ŞİKAYƏT...

Mənim çoxsaylı təzyiqlərə baxmayaraq, öz ərizəmlə işdən çıxmaqdan imtina etdiyimi görən Hicran Əyyubova sonradan çalışdığım ştat vahidinin ixtisar edilməsinə qərar verdi.
Yenixeberorg.az: "Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə baş verən qanun pozuntularının araşdırılmasını xahiş edirəm.
Mən, Haşımlı Nigar, 15 oktyabr 2024-cü il tarixindən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə dəftərxana müdiri vəzifəsində çalışmışam. 09 iyul 2025-ci il tarixində Hicran Əyyubova kollecin direktoru vəzifəsinə müvəqqəti təyin edildikdən qısa müddət sonra bir sıra əməkdaşlara, o cümlədən mənə öz ərizələri ilə işdən çıxmaları barədə xəbər göndərildi. Əks halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad ediləcəyimiz bildirildi.Bu təzyiqlər nəticəsində bəzi əməkdaşlar işlərini itirmək qorxusu ilə öz ərizələrini yazaraq işdən ayrıldılar. Mən və digər əməkdaşlar isə bu tələblə razılaşmadığımız üçün müxtəlif təzyiqlərlə üzləşmişik.
Kollecin Qiymətləndirmə və monitorinq bölməsinin müdiri Afaq Maliyeva və baş mühasib Rəfiqə Vəliyeva da Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad ediliblər. Onlar hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediblər. Afaq Maliyevanın işi üzrə məhkəmə onun xeyrinə qərar çıxararaq işə bərpasına qərar verdi.
Mənim çoxsaylı təzyiqlərə baxmayaraq, öz ərizəmlə işdən çıxmaqdan imtina etdiyimi görən Hicran Əyyubova sonradan çalışdığım ştat vahidinin ixtisar edilməsinə qərar verdi. Hesab edirəm ki, bu qərar qanunsuzdur. Ona görə də hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etdim və məhkəmə də mübahisə üzrə çıxardığı qərarla məni işə bərpa etdi.
Məlumatlara əsasən, Hicran Əyyubovanın əvvəlki iş yeri olan Tovuz Sosial-İqtisadi Kollecində də müəllimlərin işdən azad edilməsi ilə bağlı mübahisələr yaranmış, bəzi əməkdaşlar məhkəməyə müraciət edərək işə bərpa olunmaları barədə qərarlar əldə ediblər. Həmin halların da aidiyyəti qurumlar tərəfindən araşdırılmasını zəruri hesab edirəm.
Müraciətimdə əsas məqsədim baş vermiş hadisələrin ictimaiyyətə çatdırılması, əmək hüquqlarının qorunması və təhsil müəssisələrində qayda-qanunun təmin edilməsidir."
Haşımlı Nigar
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.









AZ
RU