Bu il AZAL-ın sərnişin axınındakı artımın 90 %-ni tranzit seqmenti təmin edib

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin daşımalarının həcmi 2026-cı ilin yanvar-oktyabr ayları ərzində 3 661 630 sərnişinə çataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % artım nümayiş etdirib.
Yenixeberorg.az xəbər verir ki, bu barədə AZAL-ın kommersiya direktoru Cəmil Manizadə sosial şəbəkədə yazıb.
Aviaşirkətin statistikasına əsasən, hesabat dövründə daşınan sərnişinlərin sayı mütləq ifadədə 193 219 nəfər artıb. Həyata keçirilmiş reyslərin sayı da 8 % artım nümayiş etdirərək 31 481 təşkil edib - bu isə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 204 reys çoxdur.
C. Manizadənin sözlərinə görə, sərnişin axınının ümumi artımının təxminən 90 %-i tranzit seqmentin payına düşüb.
Transfer sərnişinlərin sayı 23 % (və ya 172 925 nəfər) artaraq 924 078-ə çatıb. Ümumi daşımalar üzrə tranzit sərnişinlərin payı 22 %-dən 25 %-ə yüksəlib. Hazırda AZAL-ın hər dörd sərnişinindən biri tranzit uçuş həyata keçirir.
"Orta hesabla, ilk on ay ərzində Bakıdan keçən tranzit reyslərdən hər gün 3 mindən çox sərnişin istifadə edib ki, bu da ötən ilin səviyyəsindən təqribən 570 nəfər çoxdur", - AZAL-ın kommersiya direktoru vurğulayıb.
Paytaxt hava limanından keçən əsas regional istiqamətlər ən yüksək dinamika nümayiş etdirib. Xüsusilə, Dehli-Tbilisi marşrutu üzrə 12 851 tranzit sərnişin (illik müqayisədə 18,6 dəfə artım), Kişineu-Dehli üzrə 6 408 (9,6 dəfə artım), Almatı-Ciddə üzrə 7 792 (+341 %), Dehli-Təl-Əviv istiqamətində isə 9 773 (+176%) sərnişin daşınıb.
Davamlı müsbət tendensiya oktyabr ayında beş prioritet marşrut üzrə də qorunub: Dehli-Tbilisi - 1 404 tranzit sərnişin (+527 %), Astana-Tbilisi - 1 270 (+290 %), Dehli-Təl-Əviv - 1 757 (+104 %), Kişineu-Dehli - 1 015 (+915 %), həmçinin yeni istiqamət olan Ciddə-Şımkənd - 1 122. Qeyd olunan marşrutlar üzrə oktyabr ayında ümumi sərnişin axını 6 568 nəfər təşkil edib, bu da ötən ilin eyni ayının nəticəsini (1 510 nəfər) dörd dəfədən çox üstələyir.
Bundan əlavə, aviaşirkət yanvar-oktyabr aylarında bütün təyyarə parkı üzrə orta gündəlik uçuş müddətini 8,9-dan 9,8 blok-saatadək artırıb. "Airbus" ailəsinə aid təyyarələr üzrə (ekipajla birlikdə icarəyə götürülmüş hava gəmiləri nəzərə alınmadan) bu göstərici 9,3-dən 11 saata yüksəlib.









AZ
RU