Ərdoğandan Cənubi Kipr liderinə sayqısızlıq:QARŞILAMADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində Antalyada keçirilən Liderlər Zirvəsinə gələn Cənubi Kipr lideri Nikos Xristodulidisi qarşılamayıb.
Yenixeberorg.az: R.T. Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş zirvəyə qatılan liderləri birlikdə qarşılasalar da, Xristodulidis gələndə Türkiyə Prezidenti qarşılama yerində olmayıb.
Yayılan görüntülərə görə, tədbir məkanına gələn Cənubi Kipr liderindən bir qədər gözləməsi istənilib. Ardınca ekranda böyük Türkiyə bayrağı nümayiş etdirilib. Həmin vaxt qarşılama məntəqəsində yalnız Quterreş qalıb.
Bir müddət gözləyən Xristodulidis daha sonra BMT Baş katibinin olduğu yerə yaxınlaşıb. Onların söhbəti canlı yayım kameralarına düşüb. Görüntülərdə Xristodulidisin danışıq zamanı üz ifadəsinin dəyişdiyi diqqət çəkib. Lakin görüşün məzmunu açıqlanmayıb.
Kipr mətbuatı hadisəni “Antalyada ciddi diplomatik gərginlik” kimi təqdim edib. Kipr hökumətindəki mənbələr isə Ərdoğanın Xristodulidisi qarşılamamasını ona qarşı “kiçiltmə jesti” kimi qiymətləndiriblər.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində R.T.Ərdoğanın ev sahibliyi ilə keçirilən zirvədə altı qitədən 95 ölkəni təmsil edən 102 lider iştirak edib.









AZ
RU